Əsas səhifə » Yuxu Keyfiyyətinin Pisləşməsi Konspirasiya İnancını Gücləndirir

Yuxu Keyfiyyətinin Pisləşməsi Konspirasiya İnancını Gücləndirir

BAKI,AzerVoice

Bu inancların peyda olması, artan peyvənd tərəddüdü, iqlim dəyişikliyinə şübhə və qurumlara inamsızlıq kimi nəticələrə gətirib çıxara bilər.

Nottingem Universitetində aparılan yeni bir araşdırma, zəif yuxu keyfiyyətinin konspirasiya nəzəriyyələrinə meyilli olmanı artıra biləcəyini və depressiyanın bu əlaqədə mühüm rol oynadığını ortaya qoyub.

Universitetin Psixologiya Bölməsinin mütəxəssisləri 1000-dən çox iştirakçının qatıldığı iki tədqiqatda yuxu keyfiyyəti ilə konspirasiya nəzəriyyələrinə inam arasındakı əlaqəni araşdırıblar.

Elmi araşdırmalara dair nüfuzlu "Journal of Health Psychology" jurnalında dərc edilən nəticələr göstərir ki, son bir ay ərzində zəif yuxu keyfiyyətindən əziyyət çəkən şəxslər, xüsusilə konspirasiya məzmununa məruz qaldıqdan sonra bu nəzəriyyələri təsdiqləməyə daha meyilli olurlar.

"Yuxu, zehni sağlamlıq və idrak funksiyaları üçün həyati əhəmiyyət daşıyır. Zəif yuxunun depressiya, təşviş və paranoya riskini artırdığı sübut edilib" ,- deyə Sosial psixologiya sahəsində tədqiqat aparan Dr. Daniel Jolley, bildirib.

Bu nəticələr, yuxuya yönəlmiş müdaxilələrin konspirasiya nəzəriyyələrinə meyilliliyi azaltmaq potensialına sahib olduğunu göstərir.

Tədqiqatçılara görə, yuxu keyfiyyətinə fokuslanan ictimai səhiyyə tədbirləri sayəsində fərdlər internetdə qarşılaşdıqları məlumatlara daha tənqidi yanaşa, yanıltıcı məlumatlara qarşı daha müqavimətli ola bilərlər.

Digər Kateqoriyalar

2025 © Azervoice