Əsas səhifə » Mikroplastiklər Bakteriyaların Antibiotiklərə Qarşı Daha Davamlı Olmasına Səbəb Ola Bilər

Mikroplastiklər Bakteriyaların Antibiotiklərə Qarşı Daha Davamlı Olmasına Səbəb Ola Bilər

BAKI, AzerVoice

Yeni bir araşdırmaya görə, mikroplastiklərə məruz qalan bakteriyalar antibiotiklərə qarşı daha dözümlü ola bilər.

Boston Universitetinin alimləri mikroplastiklərin bakteriyaların davranışına necə təsir etdiyini araşdırıb və onların antibiotiklərin təsirini azaltdığını müəyyən ediblər.

ABŞ-lı tədqiqatçılar, müxtəlif konsentrasiyalarda mikroplastiklərə məruz qalan bakteriyaların reaksiyalarını araşdırıblar. Eksperimentlərdə qida zəhərlənməsinə səbəb ola bilən "Escherichia coli" (E. coli) bakteriyası istifadə edilib.

Tədqiqatın rəhbəri Neila Gross qeyd edib ki, mikroplastiklər bakteriyaların tutunaraq koloniyalar yaratması üçün əlverişli bir səth təmin edir. Bakteriyalar özlərini qorumaq üçün "bioplyonka" adlanan bir qoruyucu təbəqə əmələ gətirir, bu da antibiotiklərin təsirini azaldır.

Alimlər dörd müxtəlif antibiotik üzərində apardıqları testlərdə, mikroplastiklər və bioplyonkanın birlikdə antibiotiklərin effektivliyini azaltdığını aşkar ediblər. Araşdırmanın nəticələri "Applied and Environmental Microbiology" jurnalında dərc edilib.

Gross bildirib ki, mikroplastiklərin üzərində yaranan bioplyonka şüşə kimi digər səthlərdəki bioplyonkadan daha qalın və davamlı olur. O, bunu "yüksək izolyasiyalı bir ev kimi" təsvir edib və antibiotiklərin bakteriyalara təsirini çətinləşdirdiyini vurğulayıb.

Araşdırmada müxtəlif plastik növləri sınaqdan keçirilib və xüsusilə polistirolun antibiotiklərə qarşı müqavimətin inkişafına ən çox təsir etdiyi müəyyən edilib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) antibiotik müqavimətini qlobal səhiyyə üçün ən böyük təhdidlərdən biri kimi qiymətləndirir. Antimikrobiyal müqavimət (AMR) bakteriya, virus, göbələk və parazitlərin müalicəsini çətinləşdirərək insan, heyvan və bitki sağlamlığı üçün ciddi risk yaradır.

2020-ci ildə Avropa ölkələrində 865,000-dən çox antibiotik müqavimətinə malik infeksiya halı qeydə alınıb və 35,000-dən çox insan bu infeksiyalar səbəbindən həyatını itirib.

Boston Universitetinin biomühəndislik professoru Muhammad Zaman bu araşdırmanın xüsusilə hijyen şəraitinin aşağı olduğu yoxsul bölgələr üçün böyük təhlükə yaratdığını bildirib.

Alimlər hesab edirlər ki, mikroplastiklərin bakteriyalarla qarşılıqlı təsiri və onların antibiotik müqavimətini artırması məsələsi gələcəkdə daha geniş miqyasda araşdırılmalıdır.

Digər Kateqoriyalar

2025 © Azervoice