BAKI, AzerVoice
ABŞ-ın San-Fransisko Kaliforniya Universitetinin (UCSF)
tədqiqatçıları iflic xəstəsinin təkcə zehninin gücü ilə robot
qolunu idarə etməsinə nail olublar.
AzerVoice xəbər verir ki,
Beyin-kompüter interfeysi (BCI) texnologiyası sayəsində xəstə əlini
hərəkət etdirdiyini düşündüyü anda robot qolu bu əmri yerinə
yetirir.
Süni intellektlə işləyən bu sistem, əvvəlki texnologiyalardan fərqli olaraq, fasiləsiz olaraq yeddi ay işləyə bilib. Daha öncə bu cür cihazlar bir neçə gündən sonra fəaliyyətini dayandırırdı.
İnsult keçirmiş xəstənin beyninə düşüncə siqnallarını qəbul edən kiçik sensorlar yerləşdirilib. Xəstə əlini hərəkət etdirdiyini təsəvvür etdikdə, bu siqnallar süni intellekt tərəfindən emal olunaraq robot qoluna ötürülüb. Təlim prosesindən sonra xəstə robot qolunu dəqiq idarə etməyi öyrənib və əşyaları tuta, qaldıra, şkafı aça, su doldura bilib.
Araşdırmaya rəhbərlik edən Dr. Karunesh Ganguly bu texnologiyanın gələcəkdə daha da inkişaf etdiriləcəyini və iflicli xəstələrin gündəlik həyatlarını müstəqil şəkildə idarə etməsinə kömək edəcəyini bildirib. O, sistemin ev istifadəsinə uyğunlaşdırılacağını və bunun inqilabi bir irəliləyiş olacağını vurğulayıb.