Əsas səhifə » 100 yaşa çatmaq üçün qan analizlərində hansı göstəricilər önəmlidir?

100 yaşa çatmaq üçün qan analizlərində hansı göstəricilər önəmlidir?

BAKI,AzerVoice

Bu araşdırma, bu günə qədər uzunömürlü insanlarla daha qısa ömürlü həmyaşıdları arasında ömür boyu ölçülən bioloji göstəriciləri müqayisə edən ən geniş tədqiqat hesab olunur.

İsveçin Karolinska İnstitutunun epidemioloqları, 90 yaşını keçən insanların qan analizlərini araşdıraraq əhəmiyyətli bioloji göstəricilər müəyyən ediblər.

Tədqiqatda uzunömürlü insanlarda xolesterin və qlükoza səviyyələri də daxil olmaqla bəzi ümumi xüsusiyyətlər araşdırılıb. Daha sonra bu bioloji göstəricilər daha qısa ömürlü insanlarda olan göstəricilərlə müqayisə edilib.

Tədqiqata 64-99 yaş aralığında tibbi müayinədən keçən 44 min İsveçlinin məlumatları daxil edilib. Bu iştirakçılar 35 il müddətində İsveç dövlət qeyd sistemləri vasitəsilə izlənilib.

Bu şəxslərdən 1.224 nəfəri (2,7 faizi) 100 yaşına qədər yaşayıb. 100 yaşını keçənlərin 85 faizi qadın olub.

100 yaşına çatan insanların 60 yaşlarından etibarən qanda qlükoza, kreatinin və sidik turşusu səviyyələrinin daha aşağı olmağa meyilli olduğu müəyyən edilib.

Araşdırma müəllifi Karin Modig, The Conversation portalında yazdığı məqalədə qeyd edib ki, ümumi xolesterin və dəmir səviyyəsi ən aşağı olan insanların 100 yaşına çatma ehtimalı da aşağı olub.

Bundan əlavə, qlükoza, kreatinin, sidik turşusu və qaraciyər funksiyası göstəriciləri yüksək olan insanların 100 yaşına qədər yaşamaq şansının azaldığı müəyyən edilib.

Bununla belə, alim vurğulayıb ki, ümumilikdə bioloji göstəricilərin həddindən artıq yüksək və ya aşağı olması uzunömürlülük şansını azaldır.

Məsələn, ən aşağı sidik turşusu səviyyəsinə sahib insanların 100 yaşına çatma ehtimalı 4 faiz olduğu halda, ən yüksək səviyyəyə sahib insanlarda bu göstərici cəmi 1,5 faiz olub.

Modig əlavə edib ki, tapılan fərqlər kiçik olsa da, metabolik sağlamlıq, qidalanma və uzunömürlülük arasında potensial əlaqə olduğunu göstərir.

“Yaşlandıqca böyrək və qaraciyər göstəricilərinizi, eyni zamanda qlükoza və sidik turşusu səviyyələrinizi izləmək yaxşı fikir ola bilər”, - deyə o qeyd edib.

Digər Kateqoriyalar

2025 © Azervoice