Bakı,AzerVoice
Yeni bir araşdırma, artıq çəkili yeniyetmələrin gec saatlarda daha çox kalori qəbul etdiyini ortaya çıxarıb.
Aparılan tədqiqat, bədənin daxili saatının gənclərin nə qədər və nə zaman qidalandığına təsir göstərə biləcəyini irəli sürür.
Tədqiqat zamanı artıq çəkili və ya piylənmə problemi yaşayan yeniyetmələrin, normal çəkiyə malik olanlarla müqayisədə axşam saatlarında daha çox kalori qəbul etdiyi müəyyən edilib.
“Bu araşdırmaya başlayarkən sirkadiyan sisteminin aclıq və metabolizmaya təsir etdiyini bilirdik”,-deyə ABŞ-ın Harvard Tibb Fakültəsinin professoru və araşdırmanın müəlliflərindən biri olan Frank Şeer bildirib.
Lakin tədqiqatçılar bu əlaqənin işıq, yuxu və fəaliyyət dövrləri kimi ətraf mühit və davranış faktorlarından asılı olmadan da davam edib-etmədiyini müəyyən etmək istəyiblər.
Araşdırma çərçivəsində yaşları 12-18 arasında dəyişən 50-dən çox yeniyetmə 11 gün və 10 gecə ərzində nəzarət altında olan, oyaq olduqları müddətdə zəif işıqlı, yatdıqları zaman isə tam qaranlıq mühitdə izlənilib.
Tədqiqatçılar iştirakçıların 24 saatlıq ənənəvi yuxu və oyaqlıq rejimi əvəzinə, araşdırmanın bir hissəsi kimi 28 saatlıq proqram əsasında yaşadıqlarını bildiriblər. Onların sirkadiyan ritminə təsir edəcək saatları və ya təbii işıq mənbələri olmayıb.
“Davranış və sirkadiyan ritmlərlə qidalanma arasındakı əlaqəni tam anlamamışıq və bu əlaqənin hansı istiqamətdə olduğunu da bilmirik”,- deyə ABŞ-ın Braun Universitetində psixiatriya və insan davranışları üzrə dosent və tədqiqatın müəlliflərindən biri olan Devid Barker bildirib.
Bədənin daxili saatı, qida qəbulu və çəki arasındakı əlaqəni daha yaxşı anlamaq üçün əlavə araşdırmalara ehtiyac var.
Barkerə görə, gənclər arasındakı fərqlər sirkadiyan sistemin öz funksiyalarından deyil, aclıq və toxluq hissini tənzimləyən hormonlardakı dəyişikliklərdən və ya emosional və davranış faktorlarından qaynaqlana bilər.