Əsas səhifə » Misirdə 3500 illik firon məzarı aşkarlanıb

Misirdə 3500 illik firon məzarı aşkarlanıb

Bakı, AzerVoice

Misirin Turizm və Qədim Əsərlər Nazirliyi cənubdakı Luksor şəhərində, XVIII Firon sülaləsinin (e.ə. 1550/1549-1292) itirilmiş sonuncu padşah məzarının tapıldığını açıqlayıb.

AzerVoice xəbər verir ki, nazirliyin yazılı bəyanatına görə, Qədim Əsərlər Ali Şurası və Yeni Dövlət Araşdırma Təşkilatının Misir-İngiltərə müştərək arxeoloji missiyası, 3500 il əvvələ aid Kral II Tutmosun (e.ə. 1493-1481) məzarını aşkar edib.

Bu, 1922-ci ildə Kral Tutankhamonun məzarının tapılmasından sonra kəşf edilən ilk kral məzarıdır. Kəşf 2022-ci ildə Luksor şəhərinin qərbində, Krallar Vadisinin təxminən 2,4 km qərbində, Taybe dağında aparılan qazıntılar zamanı edilib.

Nazir Şerif Fəthi bu tapıntını son illərin ən mühüm arxeoloji kəşflərindən biri kimi qiymətləndirib. Qədim Əsərlər üzrə Ali Şuranın baş katibi Məhəmməd Xalid isə məzar içərisində tapılan qabların üzərində Kral II Tutmosun və onun həyat yoldaşı Hatşepsutun adlarının olduğunu bildirib.

Misir arxeoloji missiyasının rəhbəri Məhəmməd Əbdülbədii, məzarın kralın ölümündən qısa müddət sonra su basdığı üçün pis vəziyyətdə olduğunu və əsas məzmununun daşqınlar səbəbilə başqa yerə köçürüldüyünü açıqlayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice