Bakı,
AzerVoice
Son illərdə mikroplastiklərin insan sağlamlığı və ətraf mühitə
təsiri geniş müzakirə mövzusuna çevrilib.
Tədqiqatlar mikroplastiklərin qan, ağciyərlər və beyin kimi həyati
orqanlara daxil olduğunu göstərsə də, bəzi elm adamları bunun real
təhlükə yaratdığına dair kifayət qədər sübut olmadığını
bildirirlər.
Aparılan araşdırmalar mikroplastiklərin hətta ürək və beyin kimi həyati orqanlarda yığıla biləcəyini üzə çıxarıb. ABŞ-ın Rhode Island Universitetindən Prof. Jaime Rossun rəhbərlik etdiyi tədqiqat qrupu üç həftə ərzində siçanlara mikroplastik hissəciklərlə çirklənmiş su verdikdən sonra onların beynində və qaraciyərində iltihabi proseslərin başladığını müşahidə edib.
İnsan beynində mikroplastiklərin səviyyəsi sürətlə artır
Bundan əlavə, bəzi alimlər hesab edirlər ki, insanlar hər il təkcə içməli sudan təxminən 4000 plastik hissəcik qəbul edirlər. Bu isə uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola bilər.
Lakin Moskva Dövlət Universitetinin Polimer və Kristallar Fizikası kafedrasının müdiri Aleksey Koklov bu fikirlərlə razı deyil. O, Rusiyanın dövlət RT telekanalına müsahibəsində mikroplastiklərin insan orqanizmi üçün xüsusi təhlükə yaratdığına dair elmi sübutların olmadığını bildirib.
Koklovun fikrincə, təbiətdə hər bir material, o cümlədən ağac və beton zamanla kiçik hissəciklərə parçalanır və insan orqanizmi mikroplastiklərə eyni şəkildə uyğunlaşır. Alim həmçinin vurğulayıb ki, mikroplastiklərin əsas mənbəyi plastik butulkalar deyil, tekstil, avtomobil təkərləri, şəhər tozu və yol nişanlarıdır.
Bu mövzuda elm adamları arasında fikir ayrılığı davam edir. Bir tərəfdən mikroplastiklərin orqanizmdə iltihaba və potensial zərərə səbəb ola biləcəyini göstərən araşdırmalar mövcuddur. Digər tərəfdən, bəzi ekspertlər medianın bu problemi həddən artıq şişirtdiyini və real təhlükənin hələ də tam sübut olunmadığını iddia edirlər.
Buna baxmayaraq, mikroplastiklərin təsirini azaltmaq üçün qlobal miqyasda müxtəlif tədbirlər görülür. Plastik tullantıların azaldılması, su filtrasiyası texnologiyalarının inkişafı və sintetik materiallardan istifadənin məhdudlaşdırılması bu sahədə əsas addımlardır.