Əsas səhifə » Dünyanın ilk chatbotu yenidən həyata qaytarılıb

Dünyanın ilk chatbotu yenidən həyata qaytarılıb

Bakı, AzerVoice

Alimlər, 60 il əvvəl yaradılmış dünyanın ilk chatbotu olan ELIZA-nı yenidən işlək vəziyyətə gətiriblər.

1960-cı illərdə Massaçusets Texnologiya İnstitutunun (MIT) alimi Cozef Veyzenbaum tərəfindən hazırlanmış bu sistem, süni intellektin ilkin nümunələrindən biri hesab olunur.

ChatGPT kimi böyük dil modellərindən fərqli olaraq, ELIZA yalnız məhdud ssenarilər üzrə istifadəçilərlə sadə dialoqlar qurmağa qadir olub. O, Corc Bernard Şounun "Piqmalion" pyesindəki Eliza Dulitl obrazının adını daşıyıb və əsasən terapevtik üslubda suallar verib.

İstifadəçilər onunla danışarkən ELIZA öz sualları ilə cavabları daha da dərindən araşdırmağa sövq edib. Məsələn, bir şəxs “Özümü pis hiss edirəm” dedikdə, chatbot “Niyə belə hiss edirsən?” sualını verib. Əgər cavab “Bütün kişilər eynidir” olsaydı, ELIZA “Hansı baxımdan?” deyə davam edib.

Weizenbaum ELIZA-nı artıq istifadə olunmayan proqramlaşdırma dilində yazdığı üçün onun orijinal versiyası tez bir zamanda köhnəlmişdi. Uzun müddət bu kodun tamamilə itdiyi düşünülürdü.

Lakin 2021-ci ildə Stanford Universitetindən Jeff Shrager və MIT arxivçisi Myles Crowley, Weizenbaumun sənədləri arasında chatbotun tam orijinal kodunu aşkar ediblər. Shrager, digər alimlərlə birlikdə kodun təmizlənməsi və bərpası üzərində işləyərək, ELIZA-nı yenidən işlək hala gətirib.

Tədqiqatçılar bildirirlər ki, yenidən yaradılan ELIZA orijinal versiyası ilə demək olar ki, eyni cavabları verir. Yeganə problem ondan ibarətdir ki, istifadəçilər rəqəmlər yazanda chatbot sıradan çıxır. Lakin komanda orijinal versiyanı dəyişməmək üçün bu problemi düzəltməməyə qərar verib.

"Bu, orijinal Mona Lizadakı səhv fırça vuruşunu düzəltməyə çalışmaq kimi olardı." - deyə Shrager bu qərarı belə izah edib.

Müəlliflərdən biri olan David Berry qeyd edir ki, ELIZA dövrünün texnologiyasına görə olduqca irəli səviyyədə idi. O, danışığı bir müddət davam etdirə bilsə də, müasir chatbotlarla müqayisədə daha sadə bir sistemə malikdir.

Bununla belə, Shrager ELIZA-nın bugünkü süni intellekt botlarından fərqli işlədiyini vurğulayır. Müasir AI sistemləri cümlələri tamamlamğa çalışır, ELIZA isə sadəcə istifadəçini daha çox danışdırmağa fokuslanır.

Buna görə də, ELIZA-nın yalan məlumat vermək və ya qərəzli olmaq kimi müasir chatbotların tənqid edilən xüsusiyyətlərinə daha az meylli olduğu düşünülür.

Digər Kateqoriyalar

2025 © Azervoice