Əsas səhifə » Uşağın inkişafında atanın rolu və əhəmiyyəti

Uşağın inkişafında atanın rolu və əhəmiyyəti

Bakı, AzerVoice

Ata olmaq təkcə uşağın doğulması ilə başlayan bir proses deyil, bu, hər gün yenidən qurulan, səbr, anlayış və şəfqət üzərində inşa edilən uzun bir yolun başlanğıcıdır.

Uşaqlar üçün ata bəzən qəhrəman, bəzən müəllim, bəzən isə ən yaxşı oyun yoldaşı rolunu oynayır.

Atalar ailədə analar qədər mühüm rol oynayırlar. Uşağın emosional və sosial inkişafında, təhlükəsizlik hissinin formalaşmasında və şəxsiyyətinin inkişafında atanın rolu əvəzolunmazdır.

Psixoloji Məsləhətçi Mehmet Hilmi Eren ataların uşaqların həyatında oynadığı rolu izah edərək bildirir ki, atalıq hamiləlik dövründən başlayan uzunmüddətli bir məsuliyyətdir. Atanın sevgi və məsuliyyət dolu yanaşması uşağın dil bacarıqlarının inkişafına, xarakter formalaşmasına və özünəinam hissinin güclənməsinə mühüm təsir göstərir.

Eren vurğulayır ki, uşaqlar üçün səmimi, dürüst və empatiya quran ata modeli daha sağlamdır. O bildirir ki, “hər şeyi bilən və səhvsiz görünən” ata obrazı əvəzinə, dürüst və səmimi bir ata fiquru daha yaxşı bir rol model ola bilər.

“Uşağın dil inkişafı üçün atanın varlığı vacibdir. Atalar övladlarını oyun zamanı daha yaxşı tanıyırlar. Ancaq atalar hər şeyi bilən bir fiqur olmaq səhvinə yol verməməlidirlər. Uşaqların xəyal qırıqlığı yaşamaması üçün ataların dürüst olması vacibdir.” - deyə psixololoq bildirib.

Türkiyəli psixoloq Doğan Cüceloğlu cəmiyyətdə fərqli ata modellərini belə müəyyən edib:

"Ata yoxdur" – Fiziki olaraq mövcuddur, lakin emosional olaraq yox dərəcəsindədir.
"Sevən və demokrat ata" – Ehtiyac olduğu zaman uşağının yanında olan və ona dəstək verən ata.
"Azad ata" – Övladlarına sərhəd qoymayan, hər şeyi məqbul görən ata.

Eren vurğulayır ki, ən sağlam ata modeli “demokrat və lazım olanda yanında olan” atadır, çünki bu tip ata uşağın güvən hissini gücləndirir və onun inkişafına müsbət təsir edir.

Bəzi atalar iş rejimi və digər səbəblərdən övladlarından uzaq qala bilər. Bu halda, atanın uşağı ilə keyfiyyətli vaxt keçirməsi böyük əhəmiyyət daşıyır.

“Uşağın atası ilə münasibətinin zəif olması müxtəlif problemlərə səbəb ola bilər. Ata sevgisini daim ifadə etməli, övladı ilə münasibətini gücləndirməlidir.” - deyə psixoloq vurğulayıb.

Boşanma prosesi də uşaqlar üçün çətin ola bilər. Lakin bu vəziyyət atanın rolunu dəyişməməlidir. Atanın uşağı ilə müntəzəm görüşməsi və bu görüşlərin davamlı olmasına önəm verməsi vacibdir.

“Boşanma zamanı ata övladı ilə görüş rejimini pozmamalıdır. Əks halda, bu, uşağın inam hissinə zərər verə bilər. Əgər ata məcburi səbəblərdən görüşə bilmirsə, bu, uşağa açıq və aydın şəkildə izah olunmalıdır.” - deyə psixoloq diqqət çəkib.

Eren bildirir ki, yaxşı ata olmaq doğuşdan gələn bir bacarıq deyil, bu, öyrənilə bilən və inkişaf etdirilən bir xüsusiyyətdir. Atalar uşaqlarının inkişafı ilə bağlı kitablar oxumalı, onların tərbiyəsi haqqında məlumatlanmalı və analarla konstruktiv əməkdaşlıq etməlidirlər.

“Atalar uşaqların qayğısına qalmaqda analarla bərabər məsuliyyət daşıdıqlarını bilməlidirlər.”

Uşağın inkişafında atanın yeri və rolu inkaredilməzdir. Şəfqətli, dürüst və diqqətli bir ata uşağın emosional və sosial inkişafına böyük töhfə verir. Atalar uşaqları ilə keyfiyyətli zaman keçirməli, onların hisslərini anlamalı və onlara sevgi dolu bir mühit yaratmalıdırlar.

Digər Kateqoriyalar

2025 © Azervoice