Bakı,
AzerVoice
Pis xatirələri və travma qoyan hadisələri yaddaşdan silmək bir çox
psixi sağlamlıq problemlərinin müalicəsində mühüm addım ola
bilər.
Alimlər bu sahədə perspektivli bir yanaşma hazırlayıblar - mənfi
xatirələri zəiflətmək üçün müsbət xatirələri yenidən aktivləşdirmək
üsulu.
Beynəlxalq tədqiqatçılar qrupu çoxgünlük təcrübə çərçivəsində 37 iştirakçıdan təsadüfi sözləri mənfi təsvirlərlə əlaqələndirməyi xahiş edib. Daha sonra bu əlaqələrin yarısını yenidən proqramlaşdırmaq və pis xatirələrə “müdaxilə etmək” məqsəd qoyulub.
Tədqiqat zamanı tanınmış məlumat bazalarından insan xəsarətləri və təhlükəli heyvanlar kimi mənfi təsvirlər, eləcə də rahatladıcı mənzərələr və gülən uşaqlar kimi müsbət şəkillər istifadə edilib.
İlk gün iştirakçılar mənfi görüntüləri tədqiqat üçün yaradılmış cəfəng sözlərlə əlaqələndirmək üçün yaddaş təlimi keçiblər. Ertəsi gün bu xatirələr yuxu ilə möhkəmləndikdən sonra həmin sözlərin yarısı müsbət obrazlarla əlaqələndirilib və yenidən kodlaşdırılıb.
İkinci gün iştirakçılara sürətli olmayan göz hərəkəti (NREM) yuxu mərhələsində, yaddaşın saxlanması üçün vacib hesab olunan müddətdə cəfəng sözlərin səs yazıları səsləndirilib. Bu proses zamanı beyin fəaliyyətləri elektroensefaloqrafiya (EEQ) vasitəsilə izlənilib.
Beyində emosional yaddaşın işlənməsi ilə əlaqəli olan teta dalğası aktivliyinin audio yaddaş siqnallarına cavab olaraq artdığı və müsbət siqnallar üçün əhəmiyyətli dərəcədə yüksək olduğu müşahidə edilib.
Ertəsi gün və bir neçə gün sonra aparılan sorğular iştirakçıların müsbət xatirələrlə qarışmış pis xatirələri daha az xatırladığını göstərib. Bu sözlərlə əlaqəli müsbət xatirələr mənfi olanlardan daha çox yada düşüb və daha müsbət emosional işıqda qiymətləndirilib.
"Qeyri-invaziv yuxu müdaxiləsi mənfi xatirələri və emosional reaksiyaları dəyişə bilər. Bizim tapıntılarımız travma və ya patoloji xatirələrin müalicəsi ilə bağlı yeni anlayışlar təklif edə bilər."- deyə araşdırmaçılar müsbət xüsusiyyətləri qeyd ediblər.
Bu metod hələ ilkin mərhələdə olsa da, perspektivli olduğu bildirilir. Tədqiqatçılar daha mürəkkəb xatirələrin real dünya şəraitində necə təşkil olunacağını və bu təsirlərin nə qədər davam edə biləcəyini araşdırmağa davam edirlər.