Bakı,
AzerVoice
Yeni bir elmi araşdırma pişiklərin sözləri müəyyən obyektlərlə
əlaqələndirmək qabiliyyətini və bunu körpə uşaqlardan daha sürətli
öyrəndiklərini ortaya qoyub.
Yaponiyanın Abazu Universitetindən olan koqnitiv alim Saho Takagi
və onun komandası tərəfindən aparılan tədqiqat nəticəsində məlum
olub ki, pişiklər insan nitqini dinləməklə, xüsusi təlim olmadan
sözləri başa düşməyi öyrənə bilirlər.
"Tapıntılar məni çox təəccübləndirdi. Pişiklər heç bir xüsusi
mükafata əsaslanan təlim olmadan insan nitqini dinləyə və sözləri
başa düşə bilirlər." - deyə o təccübünü ifa edib.
Tədqiqatçılar pişiklərin dil qabiliyyətlərini ölçmək üçün 1990-cı
illərdə 14 aylıq körpələrdə dil inkişafını öyrənmək üçün istifadə
edilmiş təcrübədən istifadə ediblər. Həmin təcrübədə körpələr 16-20
təkrardan sonra sözləri obyektlərlə əlaqələndirə bilmişdilər.
Pişiklərin iştirak etdiyi bu araşdırmada isə 31 pişik iki qısa animasiyadan ibarət sınaqdan keçirilib. Hər animasiya ilə birlikdə sahiblərinin söylədiyi uydurma sözlərin audio treki səsləndirilib.
Birinci animasiyada ekranda təkbuynuzlu məxluq göstərilirib və sahibin “keraru” sözü səsləndirilirib. İkinci animasiyada isə qırmızı üzlü günəş təsvir edilərək bu dəfə “parumo” sözü səsləndirilib.
Körpələr üzərində aparılan araşdırmalarda söz-şəkil əlaqəsi yaratmaq üçün hər biri 20 saniyə davam edən ən azı dörd test lazım olub, lakin yeni araşdırma göstərib ki, pişiklər cəmi 9 saniyəlik iki animasiya ilə söz-şəkil əlaqəsini qura bilirlər.
Araşdırmanın ikinci mərhələsində isə pişiklərə düzgün söz-şəkil uyğunluğu təqdim edilməyib. Uyğunsuz söz eşidən pişiklərin göz bəbəklərinin böyüdüyü və ekrana 33 faiz daha çox baxdıqları müşahidə edilib.
Bu tədqiqat göstərir ki, pişiklər insan sözlərini mükafatlandırıcı stimul olmadan da öyrənə bilirlər və bunu çox sürətlə edirlər. Bununla belə, tədqiqatın müəyyən məhdudiyyətləri də var.
Məsələn, 1990-cı illərdə körpələr üzərində aparılan təcrübədə birhecalı sözlərdən istifadə edilmişdi, lakin pişiklər üçhecalı və öz sahiblərinin vurğuladıqları sözləri eşidirdilər. Bu fərq nəticələrin tamamilə müqayisə edilə bilməməsinə səbəb olur.
Əvvəlki araşdırmalar da pişiklərin sosial siqnalları tanıma qabiliyyətinə malik olduğunu ortaya qoymuşdu.
Bu yeni araşdırma isə göstərir ki, pişiklər yalnız adlarını deyil, həm də ətrafdakı obyektlər üçün istifadə edilən sözləri öyrənə bilir və bunu çox qısa zamanda bacarırlar.