Əsas səhifə » Afyonkarahisarda 2600 illik abidənin sirri açılıb

Afyonkarahisarda 2600 illik abidənin sirri açılıb

Bakı,AzerVoice

ABŞ-ın Pensilvaniya Dövlət Universitetinin qədim yunan tarixi və arxeologiyası professoru Mark Munn Afyonkarahisarda 2600 illik abidənin üzərində həkk olunmuş olduqca köhnəlmiş yazının şifrəsini açdıqlarını deyib.

Sözügedən monumental qaya kitabənin üzərində şir fiqurları olduğu üçün “Aslan qayası” kimi tanınır.

Yeni araşdırmalar, kitabənin eramızdan əvvəl 1200-600-cü illər arasında bölgədə yaşamış Anadolu sivilizasiyası Frigiyalıların ilahəsi Materanın adının olduğunu ortaya qoyur.

Alim bildirir ki, Materana böyük hörmət bəsləyən Lidiya krallığı abidənin tikildiyi dövrdə bölgəyə hökmranlıq etmiş ola bilər.

Abidə hava şəraiti və talançılar tərəfindən ciddi şəkildə zədələnib. Bu, üzərindəki mətni oxumağı çox çətinləşdirirdi. Munn burada yazılanların 19-cu əsrdən bəri müzakirə mövzusu olduğunu bildirdi.

Müəmmanı həll etmək üçün alim işıq yaxşı olanda yazının şəklini ətraflı şəkildə çəkib və abidənin köhnə fotoşəkillərini və qeydlərini yenidən nəzərdən keçirib.

Munn bildirib ki, abidənin Materanın adını daşıması məntiqlidir, çünki burada həm də ilahəni təsvir edən bir fiqur var.

Frigiya kitabələri ilə bağlı geniş araşdırma aparan, lakin araşdırmada iştirak etməyən ekspert Rostislav Oreşko araşdırmanın yeni bir şərh vermədiyini iddia edib.

"Materan oxumaq artıq 19-cu əsrdə təklif edilib",- deyə bildirən alim Munnun tapıntılarının bu şərhi dəstəklədiyini qeyd edib.

Digər Kateqoriyalar

2024 © Azervoice