Bakı, AzerVoice
Araşdırmalar oxumanın beyindəki mürəkkəb bir dövrlər və siqnallar şəbəkəsini gücləndirdiyini təsdiqləmişdir. Oxuma bacarığınız inkişaf etdikcə, bu şəbəkələr də daha güclü və mürəkkəb hala gəlir.
Aparılan başqa bir araşdırmada, tədqiqatçılar bir romanın beyin üzərindəki təsirini ölçmək üçün sınaq keçirmişdir. Araşdırma iştirakçıları 9 gün ərzində eyni romanı oxumuşdular və hekayədə gərginlik artdıqca, beynin getdikcə daha çox sahəsinin aktivliklə işıqlandığı müşahidə edilmişdir. Beyin skanerləri, oxuma müddətində və sonrakı günlərdə, xüsusilə hərəkət və ağrı kimi fiziki duyğulara cavab verən beynin somatosensor korteksində beyin əlaqəsinin artdığını göstərmişdir.
Araşdırmalar, kitab oxuyan insanların başqalarının duyğularını və düşüncələrini anlamaqda yüksək bir qabiliyyət inkişaf etdirdiyini göstərmişdir. Tədqiqatçılar bu qabiliyyətə “zehin nəzəriyyəsi” adını vermişdir.
Tək bir ədəbi roman oxuma seansı bu hissi oyandırmasa da, araşdırmalar uzun müddət roman oxuyanların daha yaxşı inkişaf etmiş bir zehin nəzəriyyəsinə sahib olma meylində olduqlarını göstərir.
Araşdırmalara görə, gənc yaşdan başlayaraq müntəzəm olaraq kitab oxuyan tələbələrin tədricən geniş söz ehtiyatı inkişaf edir və bu söz ehtiyyatı, universitetə qəbul və iş imkanlarına qədər həyatın bir çox sahəsinə təsir edə bilər. Kitab oxumaq, kontekstdə öyrənilən yeni sözlərə daha çox məruz qalmağın ən yaxşı yoludur.
Yaşlandıqca zehni məşğul saxlamağın bir yolu olaraq kitab və jurnal oxumaq tövsiyə edilir. Araşdırmalar, kitab oxuyan və hər gün riyaziyyat problemlərini oxuyub həll edə bilən yaşlıların anlama funksiyalarını qoruduğunu və inkişaf etdirdiyini göstərir.
Bir qrup tədqiqatçı meditasiya, yoqa və oxumanın tələbələrin stress səviyyələri üzərindəki təsirlərini ölçmüşdür. Araşdırma, 30 dəqiqəlik oxumanın qan təzyiqini, ürək döyüntü sürətini və psixoloji narahatlıq hisslərini yoqa və meditasiya qədər effektiv şəkildə azaltdığını ortaya qoymuşdur.
Müntəzəm yuxu rutininin bir hissəsi olaraq oxumaq tövsiyə edilir. Ən yaxşı nəticələri əldə etmək üçün, cihazınızın yaydığı işıq sizi oyaq saxlaya biləcəyi və digər arzuolunmaz sağlamlıq problemlərinə səbəb ola biləcəyi üçün ekrandan oxumaq əvəzinə çap kitabını seçməlisiniz.
Araşdırmalar, çap kitablarını oxuyan insanların dərk etmə qabiliyyətini ölçmək üçün edilən testlərdə daha yüksək bal topladığını və eyni materialı rəqəmsal formada oxuyanlara nisbətən oxuduqlarını daha çox xatırladığını dəfələrlə göstərmişdir. Bunun səbəbi, insanların çap mətnlərini rəqəmsal məzmunu oxuduqlarından daha yavaş oxumağa meyilli olmaları ola bilər.
Kitab oxumaq, öz daxili dünyanızdan müvəqqəti olaraq uzaqlaşmanıza və personajların xəyali təcrübələrinə qapılmanıza imkan verir. Qeyri-bədii şəxsi inkişaf kitabları isə depressiya simptomlarını idarə etməyə kömək edə biləcək strategiyaları sizə öyrədə bilər.