BAKI,AzerVoice
İstanbulun fəthinin ən maraqlı səhnələrindən biri gəmilərin qurudan hərəkət etdirilərək körfəzə endirilməsidir. 20 aprel tarixində baş verən dəniz döyüşündə məğlub olan Osmanlılar, 22 aprel gecəsi təxminən 70 gəmini Tophane və ya Beşiktaşdan götürərək Kasımpaşaya endirmişdilər.
İstanbulun fəthini izah edən mənbələr bu hadisəni təfərrüatı ilə qeyd etmirlər. Xüsusilə türk tarixçilərində gəmilərin qurudan hərəkət etdirilməsi ilə bağlı çox məlumat yoxdur. Bu məsələ zaman-zaman müxtəlif tədqiqatçılar tərəfindən araşdırılaraq, hadisənin danışıldığı kimi baş verə bilməyəcəyi qeyd edilmişdir.
Gəmilərin bir gecədə qurudan körfəzə endirilməsi mümkün deyil. Bu işin həyata keçirilməsi üçün əvvəlcədən günlərlə hazırlıq görülməlidir. Gəmilərin keçəcəyi yolun müəyyənləşdirilməsi, ərazinin düzəldilməsi, yoldakı maneələrin aradan qaldırılması, gəmiləri çəkmək üçün istifadə olunacaq vasitələrin hazırlanması bir neçə gündən daha çox zaman tələb edən işlərdir. Üstəlik, gəmilərin sahilə çıxarıldığı yer kimi qeyd edilən Tophane və ya Beşiktaş da bu iş üçün uyğun yerlər deyil. Çünki bu ərazilər Bizanslılar tərəfindən asanlıqla görünə bilən yerlərdir. Bəzi tədqiqatçılar isə Rumeli Hisarının yerləşdiyi ərazidən sahilə çıxıldığını irəli sürürlər. Lakin bu ehtimal doğru olarsa, gəmilərin qurudan çəkilərək aparılacağı məsafənin uzunluğu nəzərə alınsa, o dövrün imkanları ilə bu işin həyata keçirilməsinin olduqca çətin olduğu açıq-aydın görünür.
İstanbulun fəthi zamanı Osmanlı ordusunda əsgər olaraq xidmət etmiş Konstantin Mihayloviç bu məsələyə fərqli bir baxış gətirir. Mihayloviç Rumeli Hisarının inşasından sonra, dənizdən 4 İtalyan mili içəridəki koruluqda 30 beylik gəminin tikildiyini, daha sonra bu gəmilərin dağlıq ərazidən çəkilərək körfəzə endirildiyini bildirir. Bundan əlavə, İstanbulun fəthindən bir-iki əsr sonra əsərlərini yazan Mehmed bin Mehmed, Evliya Çələbi, Müneccimbaşı kimi bəzi müəlliflər də gəmilərin Okmeydanında inşa edilərək, qurudan çəkilərək dənizə endirildiyini deyirlər. Bu baxış, gəmilərin qurudan çəkilərək aparılması fikrinə nisbətən daha məntiqli görünür. Bu məsələ ilə bağlı irəli sürülən etirazlardan biri isə quruda gəmi tikilməsinin mümkün olmamasıdır. Lakin gəminin qurudan çəkilməsinin də asan olmadığı və Osmanlı donanmasındakı gəmilərin çox böyük olmadığı da nəzərə alınmalıdır.
Bu məsələ ilə bağlı digər bir mövzu isə Osmanlı donanmasındakı
gəmilərin böyüklüyü və sayıdır. Dənizə endirilən gəmilərin sayı ilə
bağlı mənbələrdə də bir uyğunluq yoxdur.
Mənbələrə görə, İstanbul mühasirəsində Osmanlı donanması 145 ilə
300 arasında dəyişən sayda gəmi ilə iştirak etmişdir.