BAKI,AzerVoice
II Murad, 1444-cü ildə Varna döyüşündə qalib gəldikdən sonra taxtdan imtina edərək Manisaya çəkilmişdi. Lakin Vezirəzəm Çandarlı Xəlil Paşa, II Mehmedi dəstəkləyən Şəhəbbəddin, Saruca və Zəğanos paşalarla razılaşa bilmirdi və II Muradın yenidən taxta çıxmasını istəyirdi.
II Mehmedin ilk hökmdarlığı dövründə yeniçərilər Şəhəbbəddin Paşanın vaxtilə Macarıstan yürüşü zamanı tədbirsizliyi üzündən yoldaşlarının həlak olduğunu bəhanə edərək üsyan etdilər. Üsyanın səbəblərindən biri də onlara vəd edilən maaşın dəyərinin aşağı salınması idi.
Yeniçərilər, Şəhəbbəddin Paşanı öldürmək üçün onun evinə hücum etdilər, lakin paşanı ələ keçirə bilmədilər. Onun evini talan etdikdən sonra Edirnənin şərqindəki bir təpəyə çəkildilər. Onlar Yıldırım Bəyazidin oğlu olduğu iddia edilən və İstanbulda olan şahzadənin yanına gedəcəkləri ilə hədələdilər. Üsyan yeniçərilərin maaşlarına yarım axça artım edilməklə yatırıldı.
Üsyanın əsl səbəbi isə Çandarlı Xəlil Paşanın II Muradı yenidən taxta çıxarmaq istəməsi idi. Nəhayət, üsyan qarşısında gənc hökmdarın çətin vəziyyətə düşməsi ilə II Murad Manisadan Edirnəyə dəvət edildi və onun gəlişi gənc padşaha bildirilmədi. II Mehmed ov səfərində idi. II Murad Edirnəyə gəldikdən sonra yeniçərilərin dəstəyini alaraq taxta çıxdı və oğlunu Manisaya vali təyin etdi.
1446-cı ildə baş verən Buçuktepe hadisəsi yeniçərilərin daha sonrakı dövrlərdə tez-tez hökmdar dəyişikliklərinə müdaxilə edərək hakimiyyətə şərik olmalarının ilk addımı idi.