BAKI, AzerVoice
Qəzzada atəşkəsin pozulmasından sonra 600 uşaq öldürülüb.
AzerVoice xəbər verir ki, İsrailin
martın 18-də atəşkəsi pozaraq Qəzza zolağında hücumlarını bərpa
etməsi nəticəsində, 600-dən çox uşaq həyatını itirib, minlərlə uşaq
isə yaralanıb.
BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) və Fələstin
İnsan Haqları Mərkəzi vəziyyətin faciəvi həddə çatdığını
bildirir.
UNRWA-nın yayımladığı yazılı bəyanatda qeyd olunur ki, martın 18-də atəşkəsin pozulmasından bu yana 600 uşaq öldürülüb, 1600-dən çox uşaq isə yaralanıb. Agentlik, Qəzzada yaranmış humanitar böhranın 2023-cü il oktyabrın 7-dən bəri ən pis mərhələyə daxil olduğunu vurğulayıb.
Fələstin İnsan Haqları Mərkəzi isə 19 aprel tarixində verdiyi açıqlamada bildirib ki, eyni müddət ərzində 595 uşaq və 308 qadın olmaqla, yüzlərlə mülki şəxs həyatını itirib. Ümumilikdə isə İsrail ordusunun martın 18-dən etibarən yenidən başlatdığı hücumlar nəticəsində 1864 fələstinli ölüb, 4890 nəfər isə yaralanıb. Öldürülənlərin əksəriyyətini qadınlar, uşaqlar və yaşlılar təşkil edir.
İsrail ordusu yanvarın 19-da qüvvəyə minmiş atəşkəsi martın 18-də pozaraq, Qəzzaya şiddətli hücumlara başlayıb. Son məlumatlara əsasən, 7 oktyabr 2023-cü ildən bəri İsrailin hücumları nəticəsində Qəzza zolağında 51 min 240 fələstinli həlak olub, 116 min 931 nəfər isə yaralanıb.
İsrail tərəfi isə yeni atəşkəs təkliflərini qəbul etmədiyini və HƏMAS-a qarşı "artan hərbi güc"lə hərəkətə keçəcəyini bildirib. HƏMAS bu mövqeyə cavab olaraq bildirib ki, İsrail verdiyi vədlərə əməl etmir, vasitəçilik edən ölkələr qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir və Qəzzada Fələstin xalqına qarşı soyqırım siyasətini davam etdirir.