BAKI, AzerVoice
HƏMAS-ın silahlı qanadı olan Qəssam briqadaları, Qəzza zolağının şimalında yerləşən Beyt Hanun bölgəsində İsrail ordusuna qarşı pusqu əməliyyatı həyata keçiriblər.
AzerVoice xəbər verir ki, bu barədə Qəssam briqadalarının Telegram səhifəsində yer alan məlumatda bildirilib.
Məlumata görə, tabora bağlı döyüşçülər Beyt Hanun bölgəsinin şərqində “Qılınc qırma pusqusu” adında bir əməliyyat aparıblar.
Əməliyyat çərçivəsində, İsrailin Qəzza diviziyasına tabe olan döyüş kəşfiyyat bölüyünün “Storm” tipli zirehli hərbi nəqliyyat vasitəsi hədəfə alınıb. Hücumda zireh deşici raketdən istifadə olunub.
Yaralı əsgərləri təxliyə etmək üçün bölgəyə gələn İsrailin dəstək qüvvəsi isə “Telfeziyye 3” tipli piyada əleyhinə partlayıcı qurğu vasitəsilə vurulub. Bu hücum nəticəsində də ölən və yaralananların olduğu bildirilib.
Qəssam briqadaları həmçinin bölgədə yeni qurulan İsrail hərbi mövqeyinin dörd ədəd RPG raketi və minaatan atəşinə tutulduğunu da qeyd edib.
Digər tərəfdən, İsrail ordusu dünən Qəzza zolağında atəşkəsi pozaraq əməliyyatlara yenidən başladığını təsdiqləyib. Rəsmi açıqlamada, Beyt Hanun bölgəsində bir İsrail əsgər qrupunun hədəfə alındığı və hücum nəticəsində 35 yaşlı yüksək rütbəli bir zabitin həlak olduğu, beş əsgərin isə yaralandığı, onlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilib.
Qeyd edək ki, İsrail 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı görünməmiş hücumundan sonra Qəzza zolağında genişmiqyaslı müharibəyə başladı. Fələstin Səhiyyə Nazirliyi isə bazar günü səhərədək, yəni martın 18-dən bəri İsrailin hava zərbələri və hərbi əməliyyatlarının bərpasından sonra Qəzzada azı 1574 fələstinlinin öldüyünü açıqlayıb. Beləliklə, müharibə başlayandan bəri Qəzzada öldürülən fələstinlilərin ümumi sayı 50 944 nəfərə çatıb.