BAKI,AzerVoice
Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İcra Agentliyi (UNRWA), İsrailin 18 mart tarixində atəşkəsi pozaraq Qəzza zolağına yenidən başlatdığı hücumlar nəticəsində 420 min nəfərin daha yerindən edildiyini açıqlayıb.
AzerVoice xəbər verir ki, UNRWA-nın dərc etdiyi son hesabatda, İsrailin 7 həftədən çoxdur Qəzzaya qarşı tətbiq etdiyi blokada və davam edən hərbi əməliyyatların bölgədə humanitar fəlakətə səbəb olduğu qeyd edilib.
UNRWA-nın hesabatında vurğulanıb ki, 2 martdan bu yana bölgəyə heç bir humanitar yardım buraxılmır. Bu isə su, ərzaq, yanacaq, dərman və uşaq peyvəndləri kimi həyati əhəmiyyət daşıyan yardım vasitələrinin tükənməsinə səbəb olub.
Su və kanalizasiya infrastrukturlarının dağıdılması səbəbilə 320-dən çox təmiz su və sanitariya obyektinə çıxış mümkün deyil. Bununla yanaşı, əhalinin böyük əksəriyyəti təmiz suya çıxışdan məhrumdur.
Mart ayında Qəzzada 3700 uşaq qidalanma çatışmazlığı səbəbilə müalicəyə cəlb olunub. Bu göstərici fevral ayı ilə müqayisədə 70 faizdən çox artım deməkdir. Lakin blokada səbəbilə yardım çatdırılmadığı üçün əlavə qida alan uşaq sayı əhəmiyyətli dərəcədə azalıb.
İsrailin 7 oktyabr 2023-cü ildən bəri apardığı hücumlar nəticəsində 290 UNRWA əməkdaşı həyatını itirib. Hazırda təşkilata məxsus 115 sığınacaqda 90 minə yaxın yerindən edilmiş fələstinli qalır.
Hazırda Qəzzada ümumi əhalinin 90 faizi yəni 2 milyona yaxın insan öz evindən didərgin düşüb. Bir çox fələstinli isə 10 dəfədən artıq yerini dəyişmək məcburiyyətində qalıb.
İsrail ordusunun 18 martda atəşkəsi pozaraq hücumları yenidən başlamasından bəri 1630 fələstinli həlak olub, 4300 nəfər isə yaralanıb. Ümumi olaraq 7 oktybr 2023-cü ildən bu yana ölənlərin sayı 51 minə, yaralıların sayı isə 116 mini keçib.
BMT, Qəzzada vəziyyətin gündən-günə pisləşdiyini və beynəlxalq humanitar hüququn pozulduğunu bildirərək, beynəlxalq ictimaiyyəti təcili addımlar atmağa çağırır.