Əsas səhifə » Netanyahu Qəzzəyə nəzarətlə hədələyir... “HƏMAS” isə xəbərdarlıq edir: girovlar tabutlarda qayıdacaq

Netanyahu Qəzzəyə nəzarətlə hədələyir... “HƏMAS” isə xəbərdarlıq edir: girovlar tabutlarda qayıdacaq

BAKI,AzerVoice

HƏMAS hərəkatı bu gün, çərşənbə günü İsraili xəbərdar edib ki, əgər İsrail Qəzzə zolağında güc tətbiqini davam etdirsə, orada saxlanılan girovlar “ölü halda tabutlarda” geri qaytarılacaq. Bu xəbərdarlıq, İsrailin Qəzzəyə hücumları bərpa etməsindən sonra edilib. Eyni zamanda, İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib ki, əgər HƏMAS girovları azad etməyə razı olmasa, İsrail Qəzzəyə tam nəzarət edəcək.

HƏMAS verdiyi bəyanatda qeyd edib ki, atəşkəsin təxminən iki ay davam etməsindən sonra müharibəyə qayıdış Netanyahunun əvvəlcədən planlaşdırdığı bir qərar olub və bu, razılaşmanı pozmaq məqsədi daşıyır. Hərəkat əlavə edib: “İşğalçı qüvvə girovları zorla qaytarmağa çalışdıqca, onları ancaq tabutlarda geri aparır.”

Qəzzə zolağının səhiyyə orqanlarının verdiyi məlumata görə, ötən həftə İsrail hücumlarının yenidən başlamasından bu yana təxminən 700 fələstinli həyatını itirib.

HƏMAS İsrailə məxsus iki əsirin — Elkana Buhbut və Yosef Hayimin görüntülərini yayaraq onların atəşkəsin bərpa olunması və azadlıqlarını tələb etdiklərini göstərən video yayımlayıb.

Bu videodan bir neçə saat sonra İsrailin müdafiə naziri Yisrael Katz çıxış edərək bildirib ki, əgər HƏMAS girovları təslim etməyə davam etməzsə, İsrail Qəzzədə nəzarət etdiyi əraziləri genişləndirəcək. O, eyni zamanda, Qəzzədə əməliyyat planlarını təsdiqləyib.

İsrail prezidenti İsxak Hersoq isə Tel-Əvivdə keçirilən konfransda deyib: “Həqiqətən də şokdayam ki, girovlar məsələsi artıq prioritetlər sırasında deyil. Biz sonuncu girov evinə dönənə qədər diqqətimizi bu məsələdən yayındırmamalıyıq.”

Buhbutun ailəsi yayımlanan videodan sonra Netanyahuya və ABŞ prezidenti Donald Trampa müraciət edərək girovların azad edilməsini tələb edib. Netanyahu isə videonu “psixoloji müharibə” adlandıraraq bildirib: “Qəzzədəki əsirlərlə bağlı yayılan videolar məni daha da əzmli edir. Girovların azad edilməsi yalnız hərbi və siyasi təzyiqlə mümkündür.”

Hərbi sahədə isə çərşənbə günü İsrail ordusu Qəzzənin mərkəzindən İsrailə doğru iki raketin atıldığını, onlardan birinin havada zərərsizləşdirildiyini açıqlayıb.

Digər tərəfdən, Fələstin mediasının məlumatına görə, çərşənbə günü səhər saatlarında İsrailin Qəzzənin şimalında yerləşən bir evə hücumu nəticəsində səkkiz nəfər həlak olub.

Digər Kateqoriyalar

2025 © Azervoice