BAKI, AzerVoice
Qəzza zolağının şimalında yerləşən Beyt Lahiya qəsəbəsində yüzlərlə sakin çərşənbə axşamı müharibənin dayandırılmasını tələb edən yürüşlərdə iştirak edib və HƏMAS hərəkatını sərt tənqid edib.
Yürüş zamanı "Xalq HƏMAS-ın uzaqlaşdırılmasını istəyir", "HƏMAS bayıra, bayıra!" kimi şüarlar səsləndirilib.
Bu yürüşlər, sosial şəbəkələrdə Qəzzalı fələstinlilər tərəfindən yayılan çoxsaylı görüntülərlə əks olunub və İsrailin Beyt Lahiya sakinlərinə təxliyə əmri verməsindən bir neçə saat sonra baş tutub.
Nümayişçilərin bir qismi, HƏMAS-ı bu təxliyə əmrlərinə səbəb olmaqda ittiham edərək bildirib ki, təşkilatın üzvləri qəsəbəyə yaxın ərazilərdən İsrail məskənlərinə raket atıblar.
Etirazçılar "Uşaqlarımızın qanı ucuz deyil", "Biz sülh və təhlükəsizlik içində yaşamaq istəyirik", "Qan axıdılmasına son!" kimi şüarlar yazılmış plakatlar qaldırıblar. Bu çağırışlar əsasən Qəzzada müharibənin dayandırılması və mülki vətəndaşların hədəf alınmasının sona yetməsi ilə bağlı olub.
Etiraz zamanı bəzi gənclər HƏMAS əleyhinə şüarları yüksək səslə səsləndiriblər. Onlardan bəziləri HƏMAS-ın lideri Yəhya Sinvarı da sərt tənqid ediblər. Xatırladaq ki, Yəhya Sənvar 2024-cü ilin oktyabrında Rəfəh şəhərində İsrail qüvvələri ilə toqquşmalarda öldürülmüşdü.
Yürüş əsasən şəhərin mərkəzi küçələrindən keçərək, çox sayda dəfə İsrail hücumlarına məruz qalan İndoneziya xəstəxanasının bir neçə metrliyində yerləşən "Zayed dairəsi"nə qədər davam edib.
Etirazçılar, İsrail məskənlərinə raket atışlarının davam etməsinə etiraz edərək, bu hərəkətlərin İsrailin təxliyə qərarlarına əsas səbəb olduğunu, insanların 15 aydan çox müddətdə dəfələrlə məcburi köçkün vəziyyətinə düşdüyünü bildiriblər.
Bəzi iştirakçılar HƏMAS əleyhinə şüar səsləndirənləri sakitləşdirməyə çalışsa da, digərləri həmin şüarları susdurmaq üçün fit çalıb və sözlü hücumlarla onların qarşısını almağa cəhd edib.
Tezliklə "FƏTH" və "HƏMAS" hərəkatlarının fəalları sosial şəbəkələrdə yürüşlərlə bağlı reaksiya göstərib və hadisələrin mənası ətrafında ciddi fikir ayrılıqları yaranıb.
Ramazan ayında İsrailin döyüşlərə yenidən başlaması və keçid məntəqələrini bağlaması ilə Qəzza zolağı çox ağır və fövqəladə şəraitlə üz-üzədir.
BMT hesabatlarına əsasən, İsrailin ötən çərşənbə axşamından bəri hərbi əməliyyatlarını bərpa etməsindən sonra 792 fələstinli, o cümlədən 720-dən çox uşaq öldürülüb və 124 mindən çox insan bir neçə gün ərzində köç etməyə məcbur qalıb.