BAKI, AzerVoice
Qəzza hökuməti İsrailin Beyt Lahiyadakı hücumlarını qanuniləşdirmək üçün yalan bəyanatlar verdiyini açıqlayıb.
AzerVoice xəbər verir ki, Qəzza hökuməti İsrail ordusunun Beyt Lahiya şəhərində üçü jurnalist olmaqla 10 fələstinlinin ölümü ilə nəticələnən hücumu haqda ictimaiyyəti çaşdırmaq məqsədilə yanlış məlumatlar yaydığını bəyan edib.
Hökumətin Media İdarəsi bildirib ki, İsrail ordusu əvvəlcə qətliam törədib, sonra isə əsassız iddialarla bunu qanuniləşdirməyə çalışıb. Onların humanitar işçiləri və jurnalistləri bilərəkdən hədəf aldığı vurğulanıb.
Açıqlamada həmçinin İsrailin verdiyi bəyanatda ölən şəxslərin adlarının və fotoşəkillərinin səhv təqdim edildiyi bildirilib. Bir neçə fələstinlinin kimliyinin yanlış göstərildiyi, bəzilərinin isə hücumda həlak olmadığı qeyd olunub.
Qeyd edək ki, İsrail ordusunun dünən Beyt Lahiya şəhərinə pilotsuz uçuş aparatı ilə endirdiyi hücum nəticəsində 10 fələstinli həyatını itirib, onlardan üçü jurnalist olub.