Əsas səhifə » İsrail ordusu hələ də Filadelfiya dəhlizindən çıxmayıb - HƏMAS

İsrail ordusu hələ də Filadelfiya dəhlizindən çıxmayıb - HƏMAS

Bakı, AzerVoice

İsrail, Misirlə Qəzza zolağı arasında yerləşən Filadelfiya dəhlizi adlandırılan ərazidən müəyyən olunmuş müddət çərçivəsində silahlı qüvvələrini çıxarmır və bununla da Qəzzada atəşkəs razılaşmasını pozur.

AzerVoice xəbər verir ki, bu barədə HƏMAS-ın verdiyi açıqlamada deyilir.

Açıqlamada vurğulanıb ki, İsrail ordusu, atəşkəsin birinci mərhələsində Filadelfiya dəhlizi boyunca qüvvələrinin çıxarılması öhdəliyini yerinə yetirmədi. Həmçinin bildirilib ki, əldə olunan razılaşmaya əsasən, İsrail qüvvələrinin Filadelfiya dəhlizindən çıxarılması atəşkəsin 50-ci günündə, yəni 10 mart tarixində tamamlanmalı idi.

HƏMAS İsrailin bu addımını açıq-aşkar atəşkəs razılaşmasının pozulması kimi qiymətləndirib.

HƏMAS, beynəlxalq vasitəçiləri və beynəlxalq ictimaiyyəti İsrail qüvvələrinin çıxarılmasını təmin etmək və atəşkəsin ikinci mərhələsinə danışıqların dərhal davam etdirilməsi üçün təcili müdaxilə etməyə çağırıb.

Xatırladaq ki, yanvar ayının ortalarında İsrail və HƏMAS, Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə Qəzza zolağında atəşkəs rejimi barədə razılığa gəlib. Bu atəşkəs rejimi 19 yanvar tarixində qüvvəyə minib. Razılaşmanın birinci mərhələsi 1 mart tarixində başa çatıb. Bu müddətdə İsrailin nəzarətində olan 33 girov, o cümlədən ölənlərin cəsədləri Qəzzadan qaytarılıb. Əvəzində, İsrail həbsxanalarından 1500-dən çox fələstinli azad edilib, onların bir hissəsi Fələstin ərazilərindən çıxarılıb.

2 mart tarixində İsrailin baş naziri Benyamin Netanyahu, Qəzza zolağına humanitar yardımın dayandırıldığını və bütün sərhəd keçid məntəqələrinin bağlandığını elan etmişdi. İsrail tərəfi bu addımı, HƏMAS-ın ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkoffun atəşkəsin uzadılması planını qəbul etməməsi ilə əsaslandırıb.

Digər Kateqoriyalar

2025 © Azervoice