BAKI,
AzerVoice
HƏMAS və İsrail arasında yanvarın 19-da qüvvəyə minən atəşkəs
razılaşması İsrail tərəfindən ən azı 900 dəfə pozulub və bu
pozuntular nəticəsində yüzlərlə fələstinli ölüb və yaralanıb.
AzerVoice xəbər verir ki, Qəzzadakı
Media Ofisinin direktoru İsmayıl əl-Savabite İsrailin atəşkəs
rejimini dəfələrlə pozduğunu vurğulayıb.
"İşğalçı qüvvələr hava və artilleriya zərbələri endirib, pilotsuz
uçuş aparatlarını intensiv şəkildə istifadə edib, humanitar
yardımların girişini əngəlləyib, mülki insanlara atəş açıb və
yaşayış evlərini dağıdıb."- deyə o bildirib.
O əlavə edib ki, İsrail Qəzzaya yanacaq buraxılmasına icazə vermir, mülki müdafiə qrupları üçün ağır inşaat texnikası və vasitələrin, eləcə də 260 min konteyner evi və çadırın girişini qadağan edib.
Qeyd edək ki, Yanvarın 19-da qüvvəyə minən atəşkəs və məhbus mübadiləsi çərçivəsində yanvarın 27-də Netzarim dəhlizi açılıb, fevralın 9-da isə İsrail ordusu dəhlizdən geri çəkilib. Fevralın 1-də isə Rəfah sərhəd keçid məntəqəsi xəstələr və yaralıların təxliyəsi üçün açılıb.
Razılaşmanın ilk mərhələsində İsrail 1700-dən çox fələstinli məhbusu azad edib, HƏMAS isə 33 israilli məhbusu (25-i diri, 8-i ölü) və 5 taylandlını sərbəst buraxıb.
Atəşkəsin birinci mərhələsi martın 1-də başa çatıb və fevralın 3-də yeni danışıqlar başlamalı idi. Lakin İsrail mediası baş nazir Benyamin Netanyahunun danışıqların ikinci mərhələsinin başlanmasına mane olduğunu bildirib.