Əsas səhifə » Qəzzanın yenidən qurulmasına hazırıq - HƏMAS

Qəzzanın yenidən qurulmasına hazırıq - HƏMAS

Bakı, AzerVoice

"Xalqımızın işğala qarşı müqavimət göstərmək hüququ başda olmaqla, fələstinlilərin haqlarını pozmayacaq, xalqımızın Qəzza Zolağında məcburi köçürülməsinin qarşısını alacaq və bölgənin yenidən qurulmasını təmin edəcək bütün təşəbbüslərlə əməkdaşlığa hazırıq."

AzerVoice xəbər verir ki, bu sözlər HƏMAS Liderlik Şurasının sədri Məhəmməd İsmayıl Dərviş, Qahirədə keçiriləcək Ərəb Sammiti ərəfəsində verdiyi bəyanatdə yer alıb.

Dərviş, HƏMAS-ın, paytaxtı Qüds olan müstəqil və tam suveren Fələstin dövlətinin qurulmasına, Nəkbədən bu yana didərgin düşən qaçqınların doğma şəhər və kəndlərinə qayıtmasını təmin edəcək ədalətli bir həll tapmağa hazır olduğunu vurğulayıb.

"Atəşkəs sazişinin qalan mərhələlərinin tamamlanması, geniş və daimi bir atəşkəsin təmin edilməsi, işğalçı qüvvələrin Qəzza Zolağından tamamilə çıxarılması, bölgənin yenidən qurulması və blokadanın ləğv edilməsi məsələlərində qətiyyətliyik. Müharibədən sonrakı dövr Fələstin xalqının iradəsinə əsaslanmalı və Ərəb dünyasının dəstəyi ilə formalaşmalıdır", - deyə bəyanatda qeyd olunub.

Dərviş vurğulayıb ki, HƏMAS, hər hansı bir qeyri-fələstinli idarəetmə modelinin və ya Qəzza Zolağında xarici qüvvələrin varlığının tətbiq edilməsini qəti şəkildə rədd edir. O, Misir və İordaniya başda olmaqla bütün Ərəb dünyasının fələstinlilərin məcburi köçürülməsi layihəsinə qarşı ortaq mövqe nümayiş etdirməsindən məmnunluq duyduqlarını bildirib.

Xatırladaq ki, keçən ay Tramp təəccüb doğuran bir təklif irəli sürərək ABŞ-ın Qəzza zolağını nəzarətə götürəcəyini, dağıdılmış əraziləri yenidən quraraq onları "Yaxın Şərqin Rivierasına" çevirəcəyini bildirmişdi. Bu təklif həm regional, həm də beynəlxalq səviyyədə geniş etirazlarla qarşılanıb və ərəb ölkələrinin ortaq mövqe sərgiləməsinə səbəb olub.

Digər Kateqoriyalar

2025 © Azervoice