Əsas səhifə » İsrail təşkilatın 3 məktəbini bağlamağa cəhd edib - UNRWA

İsrail təşkilatın 3 məktəbini bağlamağa cəhd edib - UNRWA

Bakı, AzerVoice

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) İordan çayının qərb sahilindəki işləri üzrə direktoru Roland Frederik bildirib ki, İsrail rəsmiləri dünən Şərqi Qüdsdə UNRWA-ya məxsus üç məktəbi bağlamaq və evakuasiya etmək üçün içəri daxil olmağa çalışıblar, lakin buna nail ola bilməyiblər.

AzerVoice xəbər verir ki, bu barədə Frederik X hesabında verdiyi açıqlamada deyib.

"BMT-nin bütün obyektləri beynəlxalq hüquq çərçivəsində İsrailin hörmət etməli olduğu toxunulmazlığa malikdir." - deyə açıqlamada bildirilib.

O, bu pozuntuların İsrail parlamenti Knesset tərəfindən qəbul edilən və UNRWA-nın Şərqi Qüdsdə fəaliyyətini dayandırmağı hədəfləyən qanun çərçivəsində baş verdiyini vurğulayıb. Frederik ötən ilin oktyabrında Knessetin təsdiqlədiyi və yanvar ayının sonundan etibarən UNRWA-nın İsrail və Şərqi Qüdsdə fəaliyyətini qadağan edən qanuna istinad edib.

Bu qanun UNRWA-nın İordan çayının qərb sahili və Qəzza zolağında fəaliyyətini birbaşa qadağan etməsə də, agentliyin fəaliyyət imkanlarına ciddi təsir göstərəcəyi şübhəsizdir.

Qeyd edək ki, İsrail hökuməti UNRWA əməkdaşlarını HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə hücumunda iştirak etməkdə ittiham edir. Buna görə də BMT hücumla əlaqəli olduğu ehtimal edilən 9 əməkdaşını işdən çıxarıb.

UNRWA-nın Qərb Sahil İşləri üzrə Direktoru Roland Frederik isə, "Bu gün UNRWA işğal olunmuş Şərqi Qüdsdə göstərdiyi xidmətlərə qarşı təzyiqlərə baxmayaraq, fəaliyyətini davam etdirir. Təşkilat fələstinli qaçqınların yanında qalmağa və onlara əsas xidmətlər, o cümlədən təhsil verməyə sadiqdir." - deyə əlavə edib.

Digər Kateqoriyalar

2025 © Azervoice