Bakı, AzerVoice
HƏMAS 22 fevral tarixində 3 girov əvəzinə 6 israilli girovu azad etməyə razılaşdığını elan etdi.
AzerVoice xəbər verir ki, bu haqda HƏMAS-ın siyasi bürosunun üzvü Xəlil əl-Hayə açıqlama verib.
Açıqlamada bildirilib ki, 20 fevral tarixində HƏMAS 4 israilli məhbusun cəsədini Qırmızı Xaç Komitəsinə təhvil verəcək.
Onun sözlərinə görə, 22 fevralda əvvəlcədən planlaşdırıldığının əksinə olaraq, 3 deyil, 6 israilli məhbus azad ediləcək.
O, HƏMAS-ın atəşkəsin ikinci mərhələsini həyata keçirməyə hazır olduğunu, lakin Təl-Əviv administrasiyasının atəşkəsin ikinci mərhələsi ilə bağlı danışıqlara başlamaqdan çəkindiyini iddia edib.
Yerli media xəbər verir ki, 22 fevralda İsrail administrasiyası Qəzzaya mobil evlər və tikinti texnikasının gətirilməsinə icazə verilməsi üçün 3 deyil, 6 israilli məhbusun azad olunmasını tələb edib.
İsrailin bu məsələyə dair mövqeyini dəyişib-dəyişməyəcəyi hələ məlum deyil.
Əgər 22 fevralda HƏMAS 6 israilli məhbusu azad etsə, atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində əsir mübadiləsi tamamlanacaq.
HƏMAS əsir mübadiləsi çərçivəsində indiyədək 19 israilli məhbusu azad edib.
Qeyd edək ki, vasitəçi ölkələrdən biri olan Qətər 15 yanvarda İsrail və HƏMAS arasında Qəzzada atəşkəs və əsir mübadiləsinə dair razılığın əldə olunduğunu açıqlayıb.
Xatırladaq ki, razılaşma 19 yanvar bazar günü yerli vaxtla 12:15-də qüvvəyə minib. Üç mərhələdən ibarət olacaq atəşkəs razılaşmasının ilk 42 günü ərzində 33 israilli məhbusun və 1900-dən çox fələstinli məhbusun azad edilməsi qərara alınıb.
Nəzərinizə çatdıraq ki, İsrailin Qəzzadaki hərbi əməliyyatları cəmiyyət və infrastruktur üçün mənfi nəticələrə səbəb olub:
- 48 mindən çox fələstinli həlak olub
- 110 min nəfər, qadınlar və uşaqlar çoxluq təşkil etməklə, yaralanıb.
- əhalinin 85 faizi (təxminən 1,9 milyon insan) evsiz qalıb və kifayət qədər ərzaq, su və digər əsas ehtiyaclardan məhrum olub.
- evlər, kənd təsərrüfatı torpaqları, ictimai infrastruktur ciddi şəkildə dağıdılıb