Bakı,
AzerVoice
HƏMAS, İsrailin maneələrinə baxmayaraq, Qəzzada atəşkəs
razılaşmasının pozulmasını istəmədiyini, razılaşmanın tam həyata
keçirilməsini və İsrailin öhdəliklərinə əməl etməsini tələb
etdiyini açıqlayıb.
AzerVoice xəbər verir ki, HƏMAS
sözçüsü Əbdüllətif Kanu, vasitəçi ölkələrin İsrailə humanitar
protokola əməl etməsi və fevralın 15-də məhbus mübadiləsini bərpa
etməsi üçün təzyiq göstərdiyini bildirib.
O, Qahirədə aparılan danışıqlarda İsrailin atəşkəsin icrasına maneə
törətməsi məsələsinin müzakirə edildiyini vurğulayıb.
Digər tərəfdən, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə, İsrailin razılaşmadakı öhdəliklərini yerinə yetirmədiyi üçün fevralın 15-də planlaşdırılan məhbus mübadiləsinin dayandırıldığını açıqlayıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp, şənbə gününə qədər Qəzzada bütün məhbusların azad edilməməsi halında atəşkəsin ləğv ediləcəyini və "bütün cəhənnəmin qopacağını" deyib. İsrailin baş naziri Benyamin Netanyahu da İsrailli məhbuslar azad edilməzsə, atəşkəsin sona çatacağını və ordunun Qəzzaya əlavə qüvvələr göndərdiyini bəyan edib.