Əsas səhifə » Almaniya Fələstindəki Aİ mülki missiyasına polis qüvvələri göndərəcək

Almaniya Fələstindəki Aİ mülki missiyasına polis qüvvələri göndərəcək

Bakı, AzerVoice

Almaniya hökuməti Fələstin ərazilərində iki Aİ mülki missiyasına polis göndərilməsini təsdiqləyib.

AzerVoice-un məlumatına görə, bunlardan biri Qəzza ilə Misir arasındakı Rəfah sərhəd keçid məntəqəsinə nəzarət missiyasıdır.

Nazirlər kabineti Almaniyanın bu iki missiyada iştirakına razılıq verib. Missiyalardan biri Rəfah keçid məntəqəsinin təhlükəsizliyini təmin etmək, digəri isə EUPOL COPPS missiyası çərçivəsində Fələstin polis qüvvələrinə dəstək vermək məqsədi daşıyır.

Almaniyanın bu missiyalarda nə vaxt iştirak edəcəyi hələ dəqiqləşməyib. Rəsmi şəxslər bildiriblər ki, bu, mülki missiyalar olduğuna görə Bundestaqın razılığı tələb olunmur.

"Elə bir təhlükəsizlik strukturu yaradılmalıdır ki, HƏMAS-ın Qəzzaya nəzarəti yenidən ələ keçirməsinin qarşısını alsın",- deyə hökümət sözcüsü bildirib.

Xatırladaq ki, ötən ay Avropa İttifaqı Rəfah keçid məntəqəsindəki mülki missiyasını yenidən işə salıb. İspaniya, İtaliya və Fransa buraya personal göndərib.

Almaniya 23 fevralda keçiriləcək federal seçkilər öncəsi bu missiyada iştirak imkanlarını müzakirə edib.

Bu arada, Qəzzada yanvardan bəri qüvvədə olan atəşkəsin pozula biləcəyi bildirilir. İsrail Baş naziri Binyamin Netanyahu çərşənbə axşamı bəyan edib ki, əgər şənbə gününə qədər girovlar qaytarılmasa, İsrail ordusu HƏMAS-a qarşı hərbi əməliyyatları bərpa edəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice