Bakı, AzerVoice
Fələstin prezidenti Mahmud Abbas ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı açıqlamalarını dəyərləndirib.
AzerVoice xəbər verir ki, Fələstin prezidenti Mahmud Abbas Trampın ABŞ-ın fələstinliləri Fələstin torpaqlarından çıxarıb Qəzzanı ələ keçirəcəyi ilə bağlı sözlərindən sonra açıqlamalar verib.
"Bu çağırışlar beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır və Fələstin dövləti qurulmadan regionda sülh və sabitliyə nail olmaq mümkün deyil", - deyə Abbas bildirib.
Abbas Fələstin xalqının qanuni hüquqlarının mübahisəsiz olduğunu və Fələstin Azadlıq Təşkilatının Fələstin xalqının yeganə qanuni nümayəndəsi olduğunu qeyd edərək, "Heç kimin Fələstin xalqının gələcəyi ilə bağlı qərar vermək hüququ yoxdur" dedi.
Qeyd edək ki, Tramp, İsrailin baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfransında konkret məlumat vermədən sürpriz planını açıqlayıb.
Belə ki, Tramp, fələstinlilərin başqa yerə köçürüldükdən sonra ABŞ-ın müharibədən zərər çəkmiş Qəzza zolağının ələ keçirəcəyini və onu iqtisadi cəhətdən inkişaf etdirəcəyini bildirib.