Əsas səhifə » İran XİN Trampa "israilliləri Qrenlandiyaya göndərməyi" təklif edir

İran XİN Trampa "israilliləri Qrenlandiyaya göndərməyi" təklif edir

BAKI,AzerVoice

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidenti Donald Trampın fələstinliləri Qəzzadan köçürmək təklifini ələ salaraq, bunun əvəzinə "israilliləri Qrenlandiyaya göndərməyi" təklif edib.AzerVoice xəbər verir ki, Tramp şənbə günü İsrail ilə "HƏMAS" arasında 15 aydan çox davam edən müharibədən sonra Qəzzanın "xarabalığa çevrildiyini" bildirərək, bölgəni "təmizləmək" ideyasını irəli sürmüşdü. O, İordaniya və Misiri Qəzzadan daha çox fələstinlini qəbul etməyə çağırmışdı.

Əraqçi bu təklifi tənqid edərək, Britaniyanın "Sky News" kanalına verdiyi müsahibədə belə deyib:

"Mənim təklifim başqa cürdür. Fələstinlilər əvəzinə israilliləri çıxarmağa çalışın. Onları Qrenlandiyaya aparın ki, bir güllə ilə iki quş vurasınız".

Tramp Qrenlandiyanın ABŞ üçün əhəmiyyətini vurğulayaraq, bu ərazinin təhlükəsizliyinin və sabitliyinin təmin olunmasının vacib olduğunu bildirib. O qeyd edib ki, Çin və Rusiya Arktika bölgəsində böyük sərmayələr qoyur və bu vəziyyət ABŞ-ın maraqlarına təsir edə bilər.

Digər tərəfdən, İranın xarici işlər naziri müsahibəsində İsrail və ABŞ-ı İranın nüvə obyektlərinə hücum etməməklə bağlı xəbərdar edib.

"Hər hansı bir hücum dərhal və qətiyyətli cavabla qarşılanacaq. Amma onların belə bir çılğınlıq edəcəyini düşünmürəm. Bu həqiqətən də axmaqlıq olar və bütün bölgəni ciddi bir fəlakətə sürükləyər"-deyə İran XİN rəsmisi bildirib.

Qeyd edək ki, Tramp 2018-ci ildə ABŞ-ın əvvəlki prezidenti Barak Obamanın 2015-ci ildə imzaladığı İranın uranı zənginləşdirmə proqramını məhdudlaşdırmaq qarşılığında iqtisadi sanksiyaların azaldılması müqaviləsindən geri çəkilmişdi. İran isə nüvə proqramının yalnız mülki və sülhməramlı məqsədlər üçün olduğunu israr edir. Tramp bu məsələni diplomatik yolla həll etməyə üstünlük verdiyini bildirib və İranla yeni müqavilə imzalamağın "gözəl bir şey" olacağını qeyd edib.

Bununla belə, Əraqçi deyib ki, Trampın təklifini dinləməyə hazır olsa da, İranı ABŞ-la yeni müqavilə üzrə danışıqlara başlamağa razı salmaq üçün daha çox səy göstərilməlidir.

"Vəziyyət əvvəlkindən çox fərqli və daha çətindir. Digər tərəf etimadımızı qazanmaq üçün çox şey etməlidir"-deyə İran XİN rəhbəri qeyd edib.

Digər Kateqoriyalar

2025 © Azervoice