BAKI,AzerVoice
"HƏMAS" hərəkatı şənbə günü İsrail ilə mübadilə sazişi çərçivəsində azad edilmiş dörd İsrail qadın əsgəri Qəzzə şəhərində, yüzlərlə fələstinlinin eləcə də "HƏMAS" və "İslam Cihadı" döyüşçülərinin toplandığı meydanda Beynəlxalq Qırmızı Xaç Komitəsinə təhvil verib.AzerVoice xəbər verir ki, dörd qadın əsgər təhvil alınıb və bu gün baş tutacaq ikinci mübadilə əməliyyatı çərçivəsində 200 fələstinli məhbusun azad edilməsi gözlənilir.
Azad edilən İsrail qadın əsgərləri bunlardır: Daniyel Cilboa, Karina Ariev, Liri Albaq və Naama Levi. Onlar 7 oktyabr 2023-cü ildə əsir götürülən zaman hərbi xidmətlərini yerinə yetirirdilər və Qırmızı Xaça təhvil verilmə mərasimində hərbi forma geyinmiş vəziyyətdə görünürdülər. Onlar Qırmızı Xaç maşınlarına minməzdən əvvəl səhnəyə çıxıb gülümsəyiblər.
Keçən həftə "HƏMAS" Qəzzədə atəşkəs sazişi çərçivəsində üç qadın məhbusu azad edib. Bu saziş hər bir İsrail əsiri üçün 30 fələstinli məhbusun azad edilməsini nəzərdə tutur.
Eyni zamanda, "HƏMAS" İsrailin bu gün azad edəcəyi 200 fələstinli məhbusun adlarını dərc edib. Onların 70-nin Qəzzə Zolağı və İordan çayının qərb sahilindən kənara deportasiya ediləcəyi açıqlanıb. Məlumatlara görə, azad ediləcək məhbusların çoxu ömürlük həbs cəzası alıb.
"HƏMAS"ın əsirlərlə bağlı informasiya ofisi şənbə günü bildirib ki, bu gün azad ediləcək məhbusların siyahısında bir neçə adla bağlı səhv aşkarlanıb və bu məsələ vasitəçilərlə müzakirə olunur.
"Əl-Qəssam Briqadaları"nın sözçüsü Əbu Ubeydə dünən (cümə günü) dörd İsrail qadın əsgərinin bu gün atəşkəs sazişi çərçivəsində azad ediləcəyini elan edib. İsrail Baş nazirinin ofisi isə vasitəçilər vasitəsilə əsirlərin siyahısını aldığını təsdiqləyib.