BAKI,AzerVoice
Bu gün (çərşənbə axşamı) İsrail ordusu, İordan çayının qərb
sahilində yerləşən Cenin şəhərində hərbi əməliyyata başladığını
elan etdi. AzerVoice xəbər verir ki, ordunun bəyanatında bildirilir
ki, təhlükəsizlik xidməti və sərhəd mühafizə qüvvələri ilə birlikdə
"Cenində terror fəaliyyətlərinin qarşısını almaq məqsədilə hərbi
əməliyyata başlandığı" vurğulanıb.
Bu arada, Fələstin Səhiyyə Nazirliyi bu gün verdiyi açıqlamada, İsrailin Cenində keçirdiyi hərbi əməliyyat nəticəsində 6 nəfərin öldüyünü və təxminən 35 nəfərin yaralandığını bildirib.
Fələstin Xəbər Agentliyi (WAFA) yerli mənbələrə istinadən qeyd edib ki, İsrail qüvvələri Cenin şəhərinə Cəlmə hərbi keçid məntəqəsindən çox sayda hərbi texnika ilə daxil olub. Həmçinin bildirilir ki, şəhərə və düşərgəsinə hücumda hərbi təyyarələr iştirak edir. WAFA-nın məlumatına görə, İsrail ordusu Cenin düşərgəsinin “Hədəf” məhəlləsində snayperlər yerləşdirib və sakinlərə qarşı intensiv atəş açıb.
Digər tərəfdən, WAFA-nın məlumatına əsasən, Cenin Dövlət Xəstəxanasının direktoru Vissam Bəkr bildirib ki, yaralılar arasında Əl-Əməl xəstəxanasının yaxınlığında yüngül yaralanan bir həkim də var. Bəkr əlavə edib ki, digər yaralılar şəhərin xəstəxanalarına yerləşdirilib, lakin hadisələrin intensivliyi səbəbindən dəqiq say hələlik məlum deyil.
İsrailin baş naziri Benyamin Netanyahu əməliyyatın məqsədinin "terrorizmi məhv etmək" olduğunu bəyan edib. O, açıqlamasında bildirib ki, təhlükəsizlik qüvvələri Cenində “terrorizmi məhv etmək üçün geniş və əhəmiyyətli hərbi əməliyyata başlayıb”. Bu əməliyyata “Dəmir Divar” adı verilib.
İsrail qüvvələri dünən axşamdan bu gün səhərədək İordan çayının qərb sahilində ən azı 20 fələstinlini həbs edib.