Bakı, AzerVoice
İsrail və HƏMAS arasında baş verən müharibədən sonra Qəzzanın bərpası üçün milyardlarla dollar lazım olacaq.
AzerVoice xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının verdiyi qiymətləndirmədə bildirilib.
Verilən məlumatlara görə, İsrailin hücumlarından qalan 50 milyon tondan çox dağıntının təmizlənməsi 21 il çəkə və 1,2 milyard dollara başa gələ bilər.
BMT-nin ötən il açıqladığı hesabata görə, Qəzzada dağılmış evlərin bərpası ən azı 2040-cı ilə qədər çəkəcək.
BMT-Dünya Bankının hesabatında deyilir ki, ötən ilin yanvar ayının sonunadək infrastruktura dəyən zərər yaşayış binalarına, ticarətə, sənayeyə, təhsilə, səhiyyə və enerji kimi əsas xidmətlərə təsir edərək 18,5 milyard dollar təşkil edib.
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının rəsmisi bazar günü bildirib ki, münaqişə nəticəsində Qəzza inkişafda 69 il geridə qalıb.
Məlumat üçün bildirək ki, ötən gün İsrail və HƏMAS arasında atəşkəs qüvvəyə minib, Qəzza zolağını viran qoyan və Yaxın Şərqi alovlandıran 15 aylıq müharibəni dayandırıb.