Bakı,
AzerVoice
İsrail ilə HƏMAS arasında qarşılıqlı məhbus mübadiləsi razılaşması
çərçivəsində işğal altındakı İordan çayının qərb sahilində yerləşən
Ofer Hərbi Həbsxanasından 90 fələstinli qadın və uşaq azadlığa
buraxılıb.
AzerVoice xəbər verir ki , azad olunan məhbusları qarşılamaq üçün Fələstinlilər Ramallahın Beytuniya qəsəbəsində toplaşıblar, lakin İsrail əsgərləri əraziyə müdaxilə edərək gözyaşardıcı qaz və səs bombalarından istifadə edib.
İsrail və HƏMAS arasında razılaşmaya əsasən, 90 fələstinli qadın
və uşaq 3 israilli qadın məhbusun azad olunması müqabilində sərbəst
buraxılıb.
Fələstin Məhbuslar Media Ofisi, əvvəlcə razılaşdırılmış siyahıya
uyğun olaraq bir qadın məhbusun azad edilmədiyini bildirib.
Sonradan texniki məsələlər həll edilərək məhbuslar yola
salınıb.
İsrail mediası, azad edilən məhbusların 78-nin İordan çayının qərb
sahilindən, 12-nin isə Şərqi Qüdsdən olduğunu açıqlayıb.
Qeyd edək ki, İsrail ordusu azadlığa buraxılma prosesi zamanı əraziyə pilotsuz təyyarələr göndərərək gözyaşardıcı qaz vurub. Daha sonra ordunun sözçüsü, məhbusları qarşılamaq üçün təşkil edilən yürüşlərə qatılmamaları ilə bağlı xəbərdarlıq edib və müdaxilə ediləcəyi ilə hədələyib.