Əsas səhifə » Qəzzada uşaqlar müharibənin bədəlini canları ilə ödəyirlər - ÜST

Qəzzada uşaqlar müharibənin bədəlini canları ilə ödəyirlər - ÜST

Bakı, AzerVoice

"Hər uşaq sağlam və təhlükəsiz həyata başlamağa layiqdir, ancaq Qəzzada uşaqlar müharibənin bədəlini canları ilə ödəyirlər."

AzerVoice xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş Direktoru Tedros Adhanom Ghebreyesus Qəzzadakı uşaqların ağır vəziyyətinə diqqət çəkərək, X platformasında paylaşım edib.

Ghebreyesus bildirib ki, 2024-cü ilin dekabr ayında Qəzzada dünyaya gələn körpələrdən ən azı 7-si hipotermiya səbəbindən həyatını itirib və çox sayda körpənin həyatının ciddi təhlükə altında olduğu qeyd olunub.

"Hər uşaq sağlam və təhlükəsiz həyata başlamağa layiqdir. Ancaq Qəzzada uşaqlar müharibənin bədəlini canları ilə ödəyirlər." - deyə o, vəziyyətin kritik olduğunu vurğulayıb.

Tedros Ghebreyesus paylaşımında həmçinin Qəzzada davam edən humanitar böhranın daha da dərinləşməsinin qarşısını almaq üçün təcili atəşkəsə çağırış edib. O, müharibənin ən böyük qurbanlarının uşaqlar olduğunu qeyd edərək, bölgəyə humanitar yardımın dərhal və maneəsiz çatdırılmasının vacibliyini vurğulayıb.

ÜST rəsmiləri bildiriblər ki, humanitar yardım çatışmazlığı səbəbindən xəstəxanalar və səhiyyə qurumları ciddi çətinliklərlə üzləşir, tibbi ləvazimatlar isə sürətlə tükənməkdədir. Qəzzada həm uşaqlar, həm də böyüklər soyuq hava şəraitində qida, su və tibbi yardıma çıxışdan məhrumdur.

Digər Kateqoriyalar

2025 © Azervoice