BAKI,AzerVoice
İranın kəşfiyyat naziri İsmayıl Xatibzadə bildirib ki, ölkəsi
ABŞ və İsrailin hər hansı "macəra"sına qarşı ciddi şəkildə cavab
verəcək. O qeyd edib ki, Tehranın strategiyası "təhdidə qarşı
təhdid, hücuma qarşı hücum"dur. AzerVoice xəbər verir ki, Xatibzadə, İranda
"Kəşfiyyat Həftəsi" münasibətilə keçirilən illik konfransda çıxışı
zamanı vurğulayıb:
"İran xalqı sülhpərvərdir və heç bir ölkə ilə münaqişəsi yoxdur.
Lakin düşmənlər, o cümlədən Amerika Birləşmiş Ştatları və sionist
rejim (İsrail) tərəfindən hər hansı bir səbəbsiz müdaxilə, pis
niyyət və ya macəra qarşısında 'təhdidə qarşı təhdid, hücuma qarşı
hücum' strategiyasından istifadə edəcəyik"
"İran xalqına əminliklə bildirirəm ki, istənilən pis niyyətli addım, istibdad qüvvələrinin əli ilə olsa belə, İranın müdafiəçiləri tərəfindən sərt və qətiyyətli cavabla qarşılanacaq."-deyə o bildirib.
Qeyd edək ki, İran, xüsusilə nüvə proqramı ilə əlaqəli alimlərin və rəsmilərin qətlində İsraili günahlandırır. Tehran həmçinin İsraili nüvə obyektlərinə hücumlarda ittiham edib. İsrail, 2018-ci ilin aprel ayında nadir bir əməliyyatla Mossad vasitəsilə Tehranın mərkəzindən İranın nüvə arxivini ələ keçirdiyini açıqlayıb. Sızdırılan sənədlər, ABŞ-ın o zamankı prezidenti Donald Trampın nüvə danışıqlarında İranın etibarlılığına şübhə ilə yanaşmasına və birinci prezidentlik müddətində nüvə sazişindən çıxmasına səbəb olub.
Xatibzadə, keçən həftə təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşündə İranın ali rəhbəri Əli Xameneinin kəşfiyyat qurumlarına hökuməti dəstəkləməyə dair verdiyi tövsiyələrə də toxunub. O bildirib: "Hazırkı hökumətdə Kəşfiyyat Nazirliyinin bütün səyləri, milli həmrəyliyi gücləndirməyə, ölkənin təhlükəsizlik qurumları arasında qarşılıqlı anlaşma və əməkdaşlığı möhkəmləndirməyə yönəlib."
İranda Kəşfiyyat Nazirliyi ilə yanaşı, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat xidməti kimi bir neçə paralel qurum fəaliyyət göstərir. Xamenei təhlükəsizlik orqanlarını "ölkənin işlərini həyata keçirmək üçün planlaşdırmada" iştirak etməyə çağıraraq, "problemlərin həlli vacib və zəruri tədbirlər sırasındadır" deyib.
"Əsas məsələ, aydın və qənaətbəxş nəticələr əldə etməkdir."-deyə
Xamenei bildirib.
Xamenei vurğulayıb ki, "Kəşfiyyat Nazirliyinin hökumətlə
əməkdaşlığı, keyfiyyətli kəşfiyyat işinin həyata keçirilməsini"
nəzərdə tutur.