BAKI, AzerVoice
Bitcoinin dəyəri ABŞ prezidenti Donald Trampın rüsumlarla bağlı açıqlamasından sonra ticarət zamanı kəskin artım göstərib.
AzerVoice xəbər verir ki, bu barədə Binance platformasının məlumatları göstərir.
Belə ki, Tramp bəzi ölkələr üçün tətbiq olunan əlavə idxal rüsumlarını 90 gün müddətinə dayandırdığını elan etdikdən sonra qiymət 6%-dən çox yüksəlib.
Bakı vaxtı ilə saat 21:18-də Bitcoin 1,49% artaraq 78 310 dollar səviyyəsində idi.
Lakin saat 22:00-a olan məlumata görə, qiymət sürətlə artaraq 82 485 dollara çatıb. Bu, 6,87%-lik bir yüksəliş deməkdir.
Qeyd edək ki, Tramp daha əvvəl Truth Social sosial şəbəkəsində bildirmişdi ki, bəzi ölkələr üçün tətbiq edilən əlavə idxal rüsumları 90 gün müddətinə dayandırılır və həmin dövrdə bu tariflər 10% olacaq. Bununla yanaşı, Tramp Çindən gətirilən məhsullara tətbiq olunan idxal rüsumlarının 125%-ə qaldırıldığını da elan edib. Hər iki qərar dərhal qüvvəyə minib.