Bakı, AzerVoice
2025-ci ilin fevral ayında Türkiyənin Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq, 6 milyon 889 min 838 nəfər olub.
Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin fevral ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 3 faiz azalaraq, 2 milyon 863 min 78 nəfər, beynəlxalq reyslər üzrə isə 18 faiz artaraq 4 milyon 26 min 760 nəfər təşkil edib.
2025-ci ilin fevral ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 78 min 336 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin fevral ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq, 23 min 834 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 13 faiz artaraq, 54 min 510 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2025-ci ilin fevral ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin fevral ayı ilə müqayisədə 6 faiz artaraq, 39 min 983 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 6 faiz azalaraq, 16 min 283, beynəlxalq reyslər üzrə isə 15 faiz artaraq 23 min 700 olub.
2025-ci ilin fevral ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 30 milyon 446 min 843 nəfər, yük daşınması isə 694 min 727 ton təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.