Bakı,AzerVoice
Yunanıstan enerji keçidində tam iştirak edir.
AzerVoice xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Bakıda COP29 sammitində çıxışı zamanı bildirib.
O "ağıllı ekoloji razılaşma"nın əldə olunmasının Avropada enerji keçidinin tarazlı təmin edilməsi üçün zəruri olduğunu vurğulayıb və liderləri həm ekoloji, həm də iqtisadi reallıqları nəzərə almağa çağırıb.
“2005-ci illə müqayisədə emissiyalarımız 45 faiz azalıb. Əvvəllər elektrik enerjisi istehsalında kömürün payı 50 faizdən çox idi, hazırda bu göstərici cəmi 6 faizdir. Hazırda elektrik enerjimizin təxminən yarısını külək və günəş enerjisindən istehsal edirik”, - deyə o qeyd edib.
K.Mitsotakis Avropa üçün dörd vacib prioritet qeyd edib: enerji keçidində kompromislərin tanınması, tənzimləmələrin çevikliyinin dəstək, Avropa enerji bazarının birləşdirilməsi və sənayenin iqlim hədəflərinə uyğunlaşmasının təmin edilməsi.
Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.