Əsas səhifə » Cəhr nədir?

Cəhr nədir?

Bakı,AzerVoice

CƏHR Hədis üsulunda qüvvətli bir alim tərəfindən zəif ravilərin hafizə və şəxsiyyətlərindəki qüsurların aşkarlanması hadisəsidir. “Cərh” kəlməsi lüğəvi mənada “maddi və mənəvi yaralamaq” deməkdir. Raviyə belə bir qüsuru söyləyənə “carih”, qüsurlu olana “məcruh” deyilir. Bu hadisəyə isə “cərh” deyilir.
Cərh İslam şəriətini qorumaq, onu xətadan, yalan-yanlış rəvayətlərdən uzaq tutmaq məqsədilə yaradılmışdır. Dini hökmlərə dəlil təşkil edən hədislərin səhihliyi, hər şeydən əvvəl, onu rəvayət edən ravinin ədalət və zəbtinə, dürüstlüyünə və əminliyinə bağlıdır.
Cərh məqsədilə mühəddislər raviləri araşdırarkən onların şəxsiyyət və hafizə vəziyyətlərini əsas götürmüşlər. Şəxsiyyətlə əlaqəli problemlər ədalət, hafizə ilə əlaqəli problemlər isə zəbt başlığı altında araşdırılmışdır.
Ədalətlə əlaqəli qüsurlar əsas etibarilə yalançılıq, yalançılıqda ittiham, fisq, bidət və cəhalət olaraq təsbit edilmişdir. Ədalət Allahın əmrlərinə tabe olmaq, qadağalarından uzaq durmaq, şəxsiyyətə zərər verən sözlərdən və davranışlardan çəkinməkdir.
Alimlər ədalətvəsfinin tam olması üçün bəzi şərtlər irəli sürmüşlər. Bunlar müsəlman olmaq,həddi-büluğa çatmaq; ağıllı olmaq; təqva sahibi olmaq və ağırbaşlılıqdır.
Zəbt ravinin eşitdiyi bir hədisi istədiyi zaman xatırlayıb, səhvsiz şəkildə rəvayət edə biləcək halda əzbərləməsidir. Yəni ravi hədisləri əzbərlədiyi kitabdan rəvayət edirsə, onu hər cür nöqsandan qorumalıdır.
Həmçinin ravi hədisi məna olaraq rəvayət edirsə, işlətdiyi ləfzlərin mənanı əks etdirib-etdirməməsini yaxşı bilməlidir. Zəbt ilə əlaqəli qüsurlar çox yanılma, qəflət, vəhm, güvənilən (siqə) raviyə müxalifət və hafizənin zəifliyi olaraq təsbit edilmişdir.

Digər Kateqoriyalar

2025 © Azervoice