Bakı,AzerVoice
Hərfi mənası “dərs oxudulan yer” olan “mədrəsə” İslam dünyasında tədris qurumları üçün istifadə olunan ümumi addır. Məhəmməd peyğəmbər dövründə Mədinədəki “darülqürra” və yaxud Məscidi-Nəbəvi və ona bağlı olaraq “Süffə” adlandırılan tədris məkanları İslam dünyasında mədrəsələrin yaranması üçün əsas təşkil etmişdir.
Tədris qurumunun xüsusi adı olaraq mədrəsənin nə zaman istifadə olunmağa başlandığına dair müxtəlif fikirlər mövcuddur. İlk dəfə X əsrin birinci yarısında Nişaburda qurulan darüssünnədən mədrəsə adı ilə bəhs olunmasına baxmayaraq, İslam dünyasında mədrəsələrin rəsmi tədris qurumları olaraq fəaliyyəti Səlcuq hökmdarı Alparslan və oğlu Məlikşah dövrlərinin məşhur vəziri Nizamülmülkün adı ilə bağlı Nizamiyyə mədrəsələri vasitəsilə olmuşdur.