Əsas səhifə » Qırğızıstanda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Qırğızıstanda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

BAKI, AzerVoice

Azərbaycan Mədəniyyət Günləri 20–25 aprel tarixlərində Qırğızıstanda keçiriləcək. Bu barədə Qırğızıstanın Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyi məlumat yayıb.

AzerVoice xəbər verir ki, tədbirlər çərçivəsində Azərbaycanın milli mədəni irsi, ədəbiyyatı, musiqisi və incəsənəti qırğız ictimaiyyətinə təqdim olunacaq. İştirakçılar bir sıra sərgilər, konsertlər, ustad dərsləri və ədəbi təqdimatlarla tanış olmaq imkanı əldə edəcəklər.

Tədbir proqramı aşağıdakı kimidir:

21 aprel

  • 15:00 – Azərbaycan milli irs sənətləri sərgisi (Qapar Aytıyev adına Qırğız Milli İncəsənət Muzeyi)
  • 19:00 – Azərbaycan incəsənət ustalarının iştirakı ilə qala-konsert (Toktoqul Satılqanov adına Qırğız Milli Filarmoniyası)

22 aprel

  • 14:30 – Azərbaycan ədəbiyyatı guşəsinin açılışı (Alykul Osmonov adına Milli Kitabxana)
  • 15:00 – Bəxtiyar Vahabzadənin kitabının təqdimatı (eyni ünvanda)
  • 19:00 – Azərbaycan Dövlət Rəqs Ansamblının konserti (Abdylas Maldıbayev adına Qırğız Milli Akademik Opera və Balet Teatrı)

23 aprel

  • 16:00 – Azərbaycan Dövlət Pantomima Teatrının rejissoru Ceyhun Dadaşovun ustad dərsi (Çingiz Aytmatov adına Qırğız Dövlət Rus Dram Teatrı)
  • 19:00 – Dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş simfonik musiqi gecəsi (Abdylas Maldıbayev adına Opera və Balet Teatrı)

24 aprel

  • 16:00 – Azərbaycan ənənəvi musiqi alətləri ansamblının çıxışı (Qırğız Milli “Manas” Teatrı)
  • 19:00 – Caz musiqi gecəsi (Kalıy Moldobasanov adına Qırğız Milli Konservatoriyası)

Azərbaycan Mədəniyyət Günləri iki qardaş xalq arasında mədəni əlaqələrin möhkəmlənməsinə və qarşılıqlı anlaşmanın dərinləşməsinə töhfə verəcək. Tədbirlərin yüksək səviyyədə təşkil olunması gözlənilir.

Digər Kateqoriyalar

2025 © Azervoice