BAKI, AzerVoice
Ayasofya Ulu Məscidinin əsas günbəzi tarixinin ən əhatəli bərpasına başlanılır.
AzerVoice xəbər verir ki, Türkiyənin
Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy 1486 illik Ayasofya
Ulu Məscidinin əsas günbəzinə zəlzələyə davamlılıq baxımından
tarixinin ən geniş və elmi əsaslı bərpa prosesinin tətbiq
ediləcəyini açıqlayıb.
Nazir qeyd edib ki, bərpa işləri ibadətləri dayandırmadan və tarixi
quruluşu qoruyaraq həyata keçiriləcək.
Nazirin sözlərinə görə, günbəzin daxili hissəsindəki mozaikalara zərər verilməməsi üçün bütün işlər xarici səth üzərində aparılacaq. Qurğuşun örtükləri yenilənəcək, günbəzin üstü isə müvəqqəti olaraq polad konstruksiya və xüsusi brezentlə örtüləcək. Eyni zamanda, ibadətin fasiləsiz davam etməsi üçün 4 əsas sütunun üzərində 43,5 metr hündürlükdə platforma qurulacaq.
Ayasofya kompleksinin bütün strukturları üçölçülü sənədləşdirilərək rəqəmsal mühitə köçürülüb və bununla da Ayasofyanın “rəqəmsal əkizi” yaradılıb. Keçmiş arxiv sənədləri üzərində aparılan geniş araşdırmalarla strukturun zəlzələyə qarşı dayanıqlılığı analiz olunub. Elmi Şura nəzarəti ilə hazırlanan layihə mərhələsinə keçid edilib.
Açıqlamada bildirilir ki, strukturun daşıyıcı sistemləri üzərində aparılan təhlillər nəticəsində əsas və yarım günbəzdə gücləndirmə işlərinə ehtiyac müəyyən edilib. İşlərin təhlükəsiz və operativ aparılması üçün 41 metr hündürlüyündə və 60 metrlik qolu olan qülləli kran qurulacaq. Kranın təhlükəsizlik məsafəsi nəzərə alınmaqla, layihə sonunda sökülməsi də planlaşdırılıb.
Qeyd edək ki, 2020-ci ildə Ayasofya Ulu Məscidi Dövlət Şurasının qərarı və Prezident Fərmanı ilə yenidən ibadətə açılıb. Hazırda aparılan bərpa prosesi yalnız günbəzi əhatə etmir, həmçinin türbələr, ibtidai məktəb və digər yardımçı strukturlar da bu layihəyə daxildir. Məqsəd tarixi mirası qorumaqla yanaşı, onu gələcək nəsillərə dəyişmədən ötürməkdir.