Bakı,
AzerVoice
Bu gün Azərbaycanın böyük qəzəlxan şairi Əliağa Vahidin anadan
olmasının 130 illiyi qeyd olunur.
Onun yaradıcılığı Azərbaycan ədəbiyyatının ən dəyərli incilərindən
biri hesab edilir. Qəzəl janrına yeni nəfəs gətirən Vahid, klassik
poeziyanın zəngin ənənələrini özünəməxsus üslubda davam etdirərək,
onu xalq ruhuna yaxınlaşdırıb.
Əliağa Vahid özünü böyük Füzulinin yadigarı hesab edirdi. Onun poeziyasında əruz vəzninin incəlikləri, ifadə və təsvir vasitələrinin dolğunluğu diqqət çəkir. Şairin qəzəlləri yalnız eşq mövzusunu əhatə etmirdi – o, xalqın dərdini, Vətən sevgisini, satirik şeirlərində isə ictimai haqsızlıqları və mövhumatı ustalıqla qələmə alırdı.
1895-ci il fevralın 17-də Bakıda anadan olan Əliağa Vahid, gənc yaşlarında təhsilini yarımçıq qoyaraq xarrat kimi çalışıb. Lakin poeziyaya olan sevgisi onu “Məcməüş-şüəra” ədəbi məclisinə aparıb. İlk şeiri 1914-cü ildə çap olunan Vahid, öz kəskin hazırcavablığı ilə seçilib və məhz bu xüsusiyyətinə görə ustad şairlər ona “Vahid” ləqəbini veriblər.
İkinci Dünya müharibəsi illərində Vətənə sevgini, qələbə ruhunu aşılayan “Döyüş qəzəlləri” və “Qəzəllər” kitablarını ərsəyə gətirib. Onun qəzəlləri xalq arasında dillər əzbəri olub, xanəndələrin repertuarında xüsusi yer tutub. Eyni zamanda, Nizami, Xaqani, Füzuli və Nəvainin qəzəllərini Azərbaycan dilinə tərcümə edərək klassik irsi daha geniş oxucu kütləsinə tanıdıb.
Əliağa Vahid 1965-ci il oktyabrın 1-də Bakıda vəfat edib. Lakin onun yaradıcılığı bu gün də yaşayır və sevilir. 2015-ci ildə Azərbaycan Prezidenti tərəfindən imzalanan Sərəncamla şairin 120 illiyi ölkədə geniş şəkildə qeyd olunub. 2019-cu ildə isə onun əsərləri dövlət varidatı elan edilib.
Əliağa Vahid Azərbaycan poeziyasının parlaq simalarından biri olaraq poetik irsi, xalq dilinə yaxın sadə və axıcı ifadələri ilə qəzəl janrına verdiyi töhfələr Azərbaycan ədəbiyyatında silinməz iz buraxıb.