Bakı, AzerVoice
Britaniya Azərbaycanlıları Cəmiyyəti (BAC) nəzdində onlayn fəaliyyət göstərən Qarabağ Məktəbinin şagirdləri Londonda xeyriyyə məqsədilə keçirilən “Face of Ealing Community Concert” (“İlinqin Üzü İcma Konserti”) adlı tədbirə qatılıb.
AzerVoice xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, Londonun Ealing (İlinq) bölgəsinin meri və bələdiyyə başçısı Yvonne Johnsonun (İvan Conson) təşəbbüsü ilə baş tutan konsertdə İngiltərədə yaşayan müxtəlif xalqların nümayəndələri iştirak edib.
Qarabağ Məktəbinin şagirdləri xeyriyyə konsertində milli geyimdə və dövlət bayrağımızla səhnəyə çıxıblar. Onlar səhnədə məktəbin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Fərziyevanın müəllifi olduğu “Dostluq himni”ni ifa ediblər. Məktəbin musiqi müəllimləri Rasim və Səadət Fərziyevlərin müşayiəti ilə şagirdlərin çıxışı təşkilatçıların və qonaqların böyük marağına səbəb olub.
Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova tədbirdən əldə olunan bütün gəlirlərin xeyriyyə təşkilatlarına bağışlandığını bildirib. Qarabağ Məktəbinin şagirdlərinin İngiltərədə ilk dəfədir xeyriyyə konsertində iştirak etdiyini söyləyib.
Britaniya Azərbaycanlıları Cəmiyyəti (BAC) tərəfindən 2021-ci ilin sentyabrında təsis edilmiş Qarabağ məktəbi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərir. Məktəbin məqsədi Azərbaycan dilinin öyrədilməsini təmin etmək, eyni zamanda, uşaqlarımıza milli irsimiz, mədəniyyətimiz, musiqimiz və tariximiz haqqında dərin biliklər verməkdir. Bununla yanaşı, Qarabağ Məktəbi öz tələbələrinə Azərbaycan kimliyini qorumağa yönəlmiş bir mühit təqdim edir.