Bakı, AzerVoice
Azərbaycanın dilbər guşələrindən olan Qəbələ şəhəri yenidən öz qapılarını sənətsevərlərin, Beynəlxalq Musiqi Festivalı iştirakçılarının üzünə açıb.
Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə Qəbələdə ilk dəfə keçirilən “Qış nağılı” Beynəlxalq Musiqi Festivalı 2009-cu ildən bu şəhərdə ənənəvi təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalının davamı olaraq sənətsevərləri yenidən bir araya gətirib.
AzerVoice xəbər verir ki, fevralın 7-də axşam saatlarında “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.
Qəbələ Mədəniyyət Mərkəzində keçirilən mərasimdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, yerli musiqisevərlər, şəhərin qonaqları iştirak ediblər.
Açılış mərasimində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli çıxış edərək, ilk dəfə təşkil edilən Qəbələ “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının mədəniyyətimiz üçün əlamətdar hadisə olduğunu qeyd edib, festivala uğurlar arzulayıb.
![](https://www.azervoice.com/media/2025/02/08/qish_nagili_voa.jpg)
![](https://www.azervoice.com/media/2025/02/08/qish_nagili_voa_2.jpg)
![](https://www.azervoice.com/media/2025/02/08/qish_nagili_voa_3.jpg)
![](https://www.azervoice.com/media/2025/02/08/qish_nagili_voa_4.jpg)