Bakı,
AzerVoice
Azərbaycanın qədim mədəniyyətini tanıtmaq və Qarabağ zəfərini izah
etmək məqsədilə İstanbulda “Qarabağdan İstanbula Xalça Sərgisi
Proqramı” təşkil olunub.
AzerVoice xəbər verir ki, Türkiye
Gençlik ve Eğitime Hizmet Vakfı (TÜRGEV) və Xarı Bülbül adına
Azərbaycan Vizyon Teatr Dərnəyi ilə birgə təşkil edilən proqramın
açılışı Güzel İşler Fabrikası Safveti Paşa Kampusunda
keçirilib.
Proqramın açılışında çıxış edən TÜRGEV İdarə Heyətinin sədri
Hatice Akıncı Yılmaz Qarabağın türk dünyası tarixinə qızıl
hərflərlə yazılmış bir coğrafiya olduğunu, həmçinin böyük mübarizə
və həsrətin simvolu olduğunu bildirib.
Yılmaz, "Qarabağ təkcə bir torpaq parçası deyil, həm də bir
millətin əzmkarlığının, səbrinin, birlik ruhunun ən böyük
simvoludur. Xocalıdakı zülm və illərdir davam edən işğal prosesi
hamımızı dərindən yaralayıb. Lakin eyni zamanda , biz də Türk
dünyasında Azərbaycanı dəstəklədiyimizi ifadə etdik, "- deyə çıxış
edib.
Qarabağdakı zülmün və Azərbaycanın haqlı davasını bütün dünyaya
bəyan etmək üçün ölkə tərəfindən böyük səy göstərildiyinə diqqət
çəkən Yılmaz, “Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə
bir millət, iki dövlət devizinə sadiq qaldıq. Şükürlər olsun ki,
ədalət Azərbaycanın tərəfində oldu və Qarabağ torpaqları 30 illik
işğaldan azad edildi. Biz burada - Azərbaycanın tarixi-mədəni
zənginliyini, türk dünyasının dərin bağlarını sənət vasitəsilə
xatırlamaq üçün bir araya gəldik. İncəsənət, millətlərin ruhunu
bəsləyən, tarixini yaşadan və keçmişdən aldığı güclə gələcəyini
işıqlandıran bir körpüdür. Bu körpü vasitəsilə millətlər öz
kimliklərini və şəxsiyyətlərini formalaşdırır və dünyaya öz
mədəniyyətlərini tanıdırlar." - deyə Yılmaz ifadə edib.