Bakı. AzerVoice
Azərbaycandan Türkiyəyə hazırkı dövrədək 20 milyard dollardan artıq investisiya yatırılıb.
AzerVoice xəbər verir ki, bu barədə bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla Bakıda keçirilən birgə mətbuat konfransında çıxışında deyib.
"Bu gün həm təkbətək görüşdə, həm də geniştərkibli görüşdə bütün sahələr üzrə fikir mübadiləsi aparmaq imkanımız oldu. Bir daha iqtisadi sahədə indiyə kimi əldə olunmuş uğurlar məmnunluqla qeyd olundu.
Bir sıra layihələr uğurla həyata keçirilir. Təbii ki, onların əsasında iki ölkə arasında olan münasibətlər dayanır.
Azərbaycandan Türkiyəyə hazırkı dövrədək 20 milyard dollardan artıq investisiyalar, Türkiyə şirkətləri tərəfindən Azərbaycana 16 milyard dollardan artıq investisiyaların olduğu faktoru çox önəmlidir.
Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı durmadan artmaqdadır. Hazırda 4 minə yaxın Türkiyə şirkəti Azərbaycanda fəaliyyət göstərir. Türkiyə şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə fəal çalışmasını da xüsusi olaraq vurğulamaq istərdim", - nazir qeyd edib.