Əsas səhifə » Məkkə Müqəddəs Məscidinin Kitabxanası

AzerVoice, Analitik Təhlil Mərkəzinin eksperti , ƏHMƏD SALİH HƏLƏBİ (MƏKKƏ)

Məkkə Müqəddəs Məscidinin Kitabxanası hicri 160-cı ildə, Abbasilər dövlətinin üçüncü xəlifəsi Məhəmməd əl-Mehdi dövründə yaranmışdır. Onun “Məkkə Müqəddəs Məscidinin Kitabxanası” adlandırılması isə kral Əbdüləzizin (Allah rəhmət eləsin) dövrünə təsadüf edir. O, Məkkə alimlərindən ibarət bir komitə formalaşdıraraq kitabxananın vəziyyətini öyrənmək və onun əhəmiyyət və mövqeyinə uyğun şəkildə təşkilatlanmasını təmin etmək üçün addımlar atdı. Kitabxana kral Əbdüləziz dövründə, hicri 1357-ci ildə rəsmi şəkildə quruldu. Əvvəlcə Məscidul-Həramın içində, xüsusi olaraq Quran nüsxələrinin saxlanılması üçün ayrılmış qübbələrdən birində yerləşirdi. Zamanla kolleksiyası genişləndi və kitabxana Məsciddən kənara köçürüldü.

Kitabxana ilk dəfə Məscidul-Həram binasından kənara hicri 1375-ci ildə çıxarıldı. Hicri 1391-ci ildə onun üçün yeni bina tikildi və bu bina kitabxananın ilk rəsmi binası sayılır. Lakin bu bina hicri 1412-ci ildə kral Fəhd bin Əbdüləziz dövründə aparılan tarixi genişləndirmə layihəsi çərçivəsində söküldü.

Hazırda kitabxana Məkkə şəhərinin Bıthə Qüreyş adlı məhəlləsində yerləşir. 2066 kvadrat metr ərazini əhatə edən 13 mərtəbəli bir binada fəaliyyət göstərir. Binanın üç ön girişi, kişi və qadınlar üçün ayrıca girişləri, alt mərtəbələrdə parkinq keçidləri, yeddi oxu zalı, uşaq kitabxanası, inzibati ofislər, iclas zalı, təlim zalları, Məscidul-Həram Akademiyasının İdarəsi üçün dəstək ofisi, informasiya texnologiyaları mərkəzi, elmi araşdırma və İslam irsini yaşatma mərkəzi, nəşriyyat və yayım idarəsi, həmçinin səsləndirmə və vizual istehsalat idarəsi vardır. Kitabxana həm də bir çox mədəni və maarifləndirici fəaliyyətlər təqdim edir. Hicri 1436-cı ildə Uşaq Kitabxanası bölməsi istifadəyə verildi.

Doktor Məhəmməd bin Abdullah Bacuda, "Nəthr əl-Qələm fi Tarix Məktəbətil-Haram" adlı əsərində Məkkə Müqəddəs Məscidinin Kitabxanasına edilmiş vəqflərdən danışır. O qeyd edir ki, Yəmən sultanı Nurəddin bin Salahəddin ər-Rasuli hicri 594-cü ildə Məkkədə bir ribat (tələbə yurdu) inşa etmiş və oraya İbn Fərisə aid "əl-Mucəm", İbn Əbdülbərrə aid "əl-Istiyab" kimi əsərləri vəqf etmişdir. Sonradan bu ribat kitabla zənginləşərək “Ribat əl-Həzramiyyə” adı ilə tanınmağa başladı.

Kitabxananın inkişafı Səudiyyə dövləti dövründə sürətlənmişdir. Doktor Bacuda bu barədə yazır: “Kitabxana əvvəllər ənənəvi metodlarla fəaliyyət göstərirdi. Ancaq rəhbərlik kitabxananın digər kitabxanalarla ayaqlaşması üçün çalışdı və bu məqsədlə Ümumi Maarif İdarəsi tərəfindən ali rəhbərliyə ictimai kitabxana üçün idarə heyətinin yaradılması təklifi göndərildi. Bu təklif Şura Məclisinə təqdim edildi və orada müzakirə olunaraq qəbul edildi.” Bu məlumat "Ümmül-Qura" qəzetinin 696-cı sayında, cümə günü, hicri 8 səfər 1357-ci ildə dərc olundu. Nəticədə “İbrahim Fətani, Əhməd Səbai, Əmin Aqil, Həsən Məşşat, Tahir Kürdi, Dəruviş Katib, Əbdüssəlam Kamil, Əbdülqadir Həsən İlyas, Abdullah Fəda, Əbdülvəhhab Dəhləvi, Əlavi Şətta” kimi şəxslərdən ibarət komitə yaradıldı.

Hazırda kitabxanada 6842 orijinal əlyazma, 2634 ədəd ərəbcə və qeyri-ərəbcə surətlər, 200 mindən çox kitab, 7000 nadir kitab mövcuddur.

Nadir və qiymətli əlyazmalar üçün yaradılmış mərkəzdə isə 7849 orijinal, 372 qeyri-ərəbcə (urdu, türk və fars dillərində), 2756 surət, 554 əlyazma kataloqu və 31476 rəqəmsal əlyazma yer alır.

Ən qədim əlyazmalardan biri Məhəmməd ibn Abdullah ibn İbrahim əş-Şafiə aid "əl-Qilaniyyat fi Əcza əl-Hədis" (354 h./964 m.) adlı əsərdir. Bu əlyazma 494-cü ildə köçürülmüşdür. Dünyada tək nüsxə olan “Müsnəd əl-Muvatta” əsəri Əbdürrəhman ibn Abdullah əl-Ğafiqiyə (381 h.) məxsusdur, köçürülmə tarixi 693 h. Digər nadir əsər isə Nəcmuddin Həsən ər-Rəmmahın "əl-Furusiya vəl-Mənasib əl-Hərbiyə" əsəridir (780 h.), hicri 8-ci əsrdə köçürülüb.

Hazırda, 1200 ildən çox bir müddət keçdikdən sonra kitabxana rəhbərliyi oxuculara xidmət keyfiyyətini artırmaq üçün müxtəlif idarələr yaradıb. Bunlar arasında:

Hədiyyə və Xüsusi Kitabxanalar İdarəsi – alimlərin və mütəfəkkirlərin şəxsi kolleksiyalarını toplamaq, qorumaq və tədqiqatçılara təqdim etmək məqsədi daşıyır.

Jurnallar və Qəzetlər İdarəsi – dövri nəşrlərin qorunması və arxivləşdirilməsi ilə məşğuldur.

Təchizat İdarəsi – kitabxananın yeni nəşrlərlə təminatı, alimlər və müəlliflər tərəfindən hədiyyə edilən kitabların qəbulunu həyata keçirir.

Əlyazmalar İdarəsi – əlyazmaların qorunması, bərpası, dezinfeksiyası, rəqəmsallaşdırılması və tədqiqatçılara təqdim olunması ilə məşğuldur.

Məkkə Müqəddəs Məscidinin Kitabxanası Səudiyyə Ərəbistanında və bütövlükdə Ərəbistan yarımadasında ən qədim kitabxanalardan biri hesab olunur. Kitabxanada 5000-dən çox orijinal əlyazma, 800-dən çox qəzet cildi, 70000-dən çox lent, 5000-dən çox mikrofilm, 40-dan çox xüsusi kitabxana mövcuddur.

Digər Kateqoriyalar

2025 © Azervoice