Şafii məzhəbinə mənsub fəqih idi. Yaşadığı dövrün tanınmış
alimlərindən biri idi. O, qələmə aldığı əsərlərlə məşhur olmuşdu.
Alim fiqhə dair ‚Ənvar li Əməlü’l-Əbrar‛ adlı əsərin müəllifi idi.
Onun bu əsərinə çox sayda şəhr və haşiyə yazılmışdır. Bu əsərin
nüsxələrindən biri AMEAƏİ-nun fondunda saxlanılır. Bundan başqa
Paris milli kitabxanasında, Qahirədə Misir milli kitabxanasında və
ər-Riyadda Kral Səud universitetinin kitabxanasında da ‚Ənvar li
Əməlü’l-Əbrar‛ın nüsxələri mövcuddur.
Türkiyədə Ankara milli kitabxanası, Konya BYEK və Diyarbəkir İHK-də
‚Ənvar li Əməlü’l-Əbrarın ondan çox nüsxəsi mühafizə edilir. Əllamə
İzzəddin Ərdəbilinin digər bir əsəri əl-Bəğəvinin ‚əl-Məsabih adlı
əsərinə yazdığı üç cildlik şərhdir.
Alim uzun müddət Ərdəbildə yaşamış, daha sonra Misirə köçmüşdü.
Misir Məmlüklü hökmdarları ona böyük hörmət və ehtiram
göstərmişdilər. İzzəddin Ərdəbili həm də mahir xəttat və şair idi.
Onun gözəl şerləri var idi. İbn Hacər Əsqəlani, Yusif ibn İbrahim
Ərdəbilinin yaşadığı əsrdə ‚şeyxül-məşriq, yəni bütün şərqin şeyxi
ləqəbi ilə tanındığını qeyd etmişdir. Alim h. 779-cu ildə (1377)
Misirdə vəfat etmişdir.
Mənbə: Dosent Elnur Nəsirov/ Orta Əsrlərdə Yaşamış AZƏRBAYCANLI ALİMLƏR, fəqihlər, müfəssirlər, mühəddislər, mütəkəllimlər, ravilər, qarilər …